Ziyalılardan PA-ya müraciət: Bakı “işğal olunub”

  • By admin
  • 14 Aprel 2021 11:16

Xəbər verdiyimiz kimi, bu ilin fevral ayında 30-u professor olmaqla 100-dən çox alim, incəsənət xadimi, ümumilikdə mindən artıq ziyalı Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevaya müraciət edərək Bakının əcnəbi dillərin “işğalından” azad edilməsinə yardım etməsini xahiş etmişdi. Həmin müraciət Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib. Amma Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin əməkdaşlarından ibarət komissiya problemin həlli istiqamətində heç bir addım atmadığı üçün müraciəti imzalayan ziyalıların nümayəndələri Prezident Administrasiyasına yenidən müraciət edərək humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva ilə görüşmək istədiklərini bildiriblər. Müraciətdə deyilir:

“Hörmətli Fərəh xanım!

İctimaiyyətimizi, ziyalılarımızı narahat edən bir məsələ ilə əlaqədar Sizə təkrar müraciət edirik. Bu il fevral ayının 21-də 30-u professor olmaqla 100-dən çox alim, incəsənət xadimi, ümumilikdə mindən artıq ziyalı Sizə yazılı müraciət etmişdi. Müraciətdə Bakının əcnəbi dillərin “işğalından” azad edilməsinə yardım etməyiniz xahiş edilirdi.

Ötən il Azərbaycan Yazıçılar Birliyinin sədri, Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, yüzdən artıq millət vəkilinə eyni məzmunlu müraciətlər edilmişdir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciətimiz 2020-ci ilin iyununda BŞİH-in kollegiya iclasında müzakirə edildi və iyul ayının 3-də Bakı Şəhər İcra Hakimiyyətində məsələ ilə bağlı tanınmış ziyalılarla görüş keçirildi. Görüşün sonunda qərara alındı ki, növbəti müzakirədə Əqli Mülkiyyət Agentliyi və İqtisadiyyat Nazirliyinin əlaqədar şəxsləri də iştirak etsin, praktik fəaliyyət üçün addımlar atılsın. Aradan 10 aya yaxın vaxt keçməsinə baxmayaraq, bu istiqamətdə heç bir addım atılmayıb.

Gununsesi.info