Ziyana düşən sahibkarlara dövlət kompensasiya ödəyə bilər - DEPUTAT

  • By admin
  • 16 Mart 2020 19:46

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq sosial izolyasiya tədbirlərini açıqlayıb. Bu tədbirlərdən biri də restoran və kafelərdə iş rejiminin dəyişdirilməsidir.

Gununsesiaz.info xəbər verir ki, həmin obyektlərin fəaliyyəti 21:00-dək müəyyən edilib. Həmçinin restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilib. Saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılıb.

Sağlamlıq istiqamətində atılan bu addımlar bir tərəfdən də sahibkarların fəaliyyətində çətinliyə səbəb olub. Əsas fəaliyyətləri axşam saatlarında başlayan obyektlər tez bağlandığından icarə haqqını ödəməkdə çətinlik çəkirlər. Bu səbəbdən obyektini bağlayan, yaxud xeyli vəsait itirərək ziyana düşən sahibkarlar var.

Suallarımızı cavablandıran millət vəkili Arzu Nağıyev bu istiqamətdə addımların atıldığını bildirib:

“Bu milli təhlükəsizliyə təhdid olan məsələlərdən biridir. İnsanın sağlamlığından üstün hər hansı bir gəlir ola bilməz. Bununla bağlı müəyyən qanunlar da qəbul edilməlidir. Yəqin ki, bu qanunların da hazırlığı istiqamətində bir sıra addımlar atılacaqdır. Koronavirus epidemiyası ilə bağlı müəyyən qanunlar qəbul edildikdən sonra sahibkarlar orada özlərinə aid olan hissələri görəcəklər. Əgər bütün ölkələrdə bu proses gedirsə – məhdudiyyət tətbiq olunursa, düşünürəm ki, bu vacib məsələdir. Müvafiq qanunun qəbul edilməsi mümkündür, gözləniləndir”, – deyə millət vəkili qeyd edib.

Xəbər qazet.az saytında dərc edilib.

 

Gununsesiaz.info