“Dini etiqad azadlığı haqqında” qanuna edilmiş düzəlişdə qeyd olunmuşdu ki, ziyarətgahlarda ianələrin toplanması, xərclənməsi barədə xüsusi qaydalar qəbul olunmalıdır. Həmin xüsusi qaydalar üzərində ekspertlər tərəfindən işlər davam etdirilir.
Gununsesi.info xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bununla bağlı müxtəlif ölkələrin təcrübələri öyrənilir və ianələr haqqında qaydalar qüvvəyə mindikdən sonra cəmiyyətə məlumat veriləcək.
Komitə sədri, həmçinin ianələrin verilməsində elektron yeniliklərlə bağlı məsələyə toxunaraq qeyd edib ki, burada söhbət verilən ianənin hansı istiqamətdə xərclənməsində şəffaflığın təmin edilməsi ilə bağlıdır:
“Nəzərdə tutulur ki, ianə toplandıqdan və həmin ziyarətgah öz xərclərini çıxdıqdan sonra toplanmış ianələri internet üzərindən açıq şəkildə göstərsin. Daha sonra ayrı-ayrı icmaların və ya öz təşəbbüsləri ilə müxtəlif layihələr tərtib edərək hansı istiqamətdə xərclənməsinin şəffaflığını təmin etsinlər. Bu da qanundan irəli gəlir. Hazırlanmaqda olan xüsusi qaydalar isə Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra tətbiqi də öz həllini tapacaq”.
Gununsesi.info