Qırx yeddi il öncə nə olub, bilməyə bilərsən. Belə deyək ki, tarixin həmin səhifəsini nəzərdən keçirməyə həvəsin və vaxtın olmaz. Dünən və bu gün dünyada hamının gözü qarşısında baş verənlərə laqeydlik və saymazlıq nümayiş etdirməyə isə riyakarlıqdan başqa ad qoymaq olmur.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi səviyyəsində rəsmi İrana təbrik ünvanlanır. Antonio Quterreş son bir ayda minlərlə vətəndaşını qətlə yetirən rejimə öz sayğılarını bildirir.
Bilmirəm, Qərbdə bunun adına nə deyirlər. Olsun ki, demokratiya və ya qəbul edilmiş adi protokol qaydası adlandırılır.
Təəssüf ki, planetin hiper güclərindən biri yox, birincisi olan ABŞ-nin də dövlət səviyyəsində adı çəkilən qəbildən mövqe sərgiləməsinə şahid oluruq.
Bəri başdan deyim ki, mənim fikirlərim heç bir rəsmi status daşımır. Öz subyektiv yanaşmamdır. Sadəcə düşündüklərimi bölüşürəm.
ABŞ-nin vitse-prezidenti İrəvana səfər edir. Orada qondarma, tarixdə olmayan “genosid qurbanları” abidəsini ziyarət edir və ardınca da sülhdən danışır. Türkiyə Cümhuriyyətinin ABŞ-nin dostu, tərəfdaşı olduğunu bildirir. Cənab vitse-prezident doğrudanmı bilmir ki, atdığı addım Türkiyəyə ədalətsiz münasibətdir?
Ardınca sülhdən danışan qonaq ermənilərə silah satmağı, silah texnologiyasını yeniləməyə vəsait ayrılacağını vəd edir. Əcəba, görəsən sülhlə silahın bir arada olması hansı məntiqə əsaslanır? Vitse-prezidentin təbirincə, Ermənistan düşməndən qorunmaq üçün ayaqda olmalıdır. Yəqin cənab qonaq bilməmiş deyil ki, Ermənistan bütün mövcudluğu tarixində düşmən gözündə gördüyü Azərbaycan və Türkiyədir.
Düzü, mən bilmirəm, belə yüksək səviyyədə rəsmi qonaqların protokol qaydaları necə müəyyənləşdirilir. Yəqin ki, qonağın rəsmi marşrutu Xarici İşlər Nazirliyi tərəfindən təklif olunaraq razılaşdırılır. Əgər belədirsə, görəsən, bizim Xarici İşlər Nazirliyi Xocalı Qurbanları Abidəsinin ziyarətini niyə protokola salmayıb?
Çox istərdim ki, Bakıda qonaq olan cənab vitse-prezidentə sual ünvanlayam: 907-ci düzəliş – Porter düzəlişinin qüvvədə qalması sülhə xidmət edir? Axı siz əks tərəflə silah sazişi imzalamısınız.
Əslində qəribə də deyil. Yanaşma amerikansayağıdır, yəni maraqlara görədir. Maraq olanda dövlətin göndərdiyi nümayəndə Azərbaycan sülhməramlılarının Əfqanıstanda ləyaqətli davranışını, hətta milli mətbəximizin ləziz təamlarla zənginliyini bilir. Amma tarixdən özünü xəbərsiz apararaq Ermənistanı qədim xristianlığın beşiyi adlandırır.
Əminəm ki, ABŞ-də ermənilərin dininin milli din olduğunu, xristianlıqla bağlılıqlarının fərqli məzhəb xüsusiyyətləri daşıdığını bilənlər çoxdur.
Əslində, Cənubi Qafqazda xristianlığın ilk dayaqlarından biri tarixi Azərbaycanın ərazisində formalaşıb. Cənubi Qafqazda ilk kilsələrdən biri də Şəkidə yerləşən Kiş kilsəsidir.
Vallah, deyəsən, dünyada ölçünü-biçini gözləyən elə bizik. İnanmıram ki, bizim sıradan bir diplomatımız, guya zarafat edirmiş kimi, ağına-bozuna baxmadan nə isə danışsın.
Bizim qonağımız isə əzilə-büzülə deyir ki, “qorxuram xanımım ayrı fikrə düşə”.
Bizim media təmsilçilərimiz də 48 saatdır qalıblar əsir-yesir. Bilmirlər, qonağın zarafatını necə yozsunlar. Bəlkə adı ilə deyək: “Qorxuram xanımım məni Prezident Trampa dəyişə”.
Pərviz Yəhyalı



