“Gürcüstan Prezidenti Salome Zurabişvili keçmiş dövlət başçısı Mixail Saakaşvilinin əfv planını nəzərdən keçirir”.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
“Salome Zurabişvili şəxsən Mixail Saakaşvili və “Vahid Milli Hərəkat” sayəsində vəzifədə qalmaqdadır. Siz gürcü xalqının əhval-ruhiyyəsini, Konstitusiya Məhkəməsi və parlamentin onun impiçmenti ilə bağlı qərarını görmüşdünüz. Əlbəttə ki, bütün bunların əfvlə bağlı öz öhdəlikləri var və əminəm ki, onun belə planları olacaq”, – Papuaşvili deyib.
Gürcüstan parlamentinin spikeri xatırladıb ki, Zurabişvilinin Gürcüstan Konstitusiyasını pozduğuna görə 2023-cü ilin oktyabrında qanunverici orqanda impiçment səsverməsi keçiriləndə “Vahid Milli Hərəkat” bunun əleyhinə səs verib və bu da ona öz postunu saxlamağa imkan verib.
Hazırda Ukrayna vətəndaşı olan Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı dörd cinayət işi açılıb, onlardan ikisinə görə siyasətçi qiyabi olaraq üç və altı il müddətinə azadlıqdan məhrum edilib. Müxalifətin 7 noyabr 2007-ci il mitinqinin dağıdılması, Gürcüstanın “İmedi” teleşirkətinin ofisinin talan olunması və 9 milyon lariyə yaxın (3,3 milyon dollardan çox) dövlət vəsaitinin mənimsənilməsinə dair işlər baxılmaqdadır.
2021 – ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin həbs olunub. Bundan sonra ona qarşı yeni ittiham irəli sürülüb – sərhədi qanunsuz keçmək. 2022-ci ilin may ayında səhhətinin pisləşməsi səbəbindən Tbilisinin özəl “Vivamed” klinikasına aparılıb.
Qeyd edək ki, “Vahid Milli Hərəkat” Partiyası 2001-ci ildə M. Saakaşvili tərəfindən yaradılıb.
Gununsesi.info