Ərəb ölkələri Qətərə qarşı sanksiyaları LƏĞV ETDİ

  • By admin
  • 19 Sentyabr 2017 11:50

qeter

Qətərə qarşı birtərəfli qaydada sanksiya tətbiq edən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Misir və Bəhreyn sanksiyalarını ləğv etmək barədə qərar qəbul edib.

Gununsesi.info rian.ru-ya istinadən xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Sameh Şükri məlumat verib.

Onun sözlərinə görə, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində adıçəkilən ərəb ölkələrinin xarici işlər nazirlərinin toplantısında belə bir qərara gəlinib. Misirli nazir deyib ki, “dördlük” bu məsələdə vahid qərara gəlib. “Biz bir araya gələrək Qətər böhranının siyasi yolla tənzimlənməsinə hazır olduğumuzu bəyan etdik. Çünki Qətər bizim irəli sürdüyümüz 13 tələbdən 6-nı yerinə yetirməyə hazır olduğunu bəyan edib”- deyə, Misirin XİN başçısı vurğulayıb.

Nazir onu da əlavə edib ki, Qətər terrorizmi dəstəkləməkdən imtina edəcəyi, həmçinin digər ərəb ölkələrinin daxili işinə müdaxilə edib, vəziyyəti gərginləşdirməyəcəyi təqdirdə, dörd ərəb ölkəsi Qətərlə  normal münasibətlər qurmağa çalışacaq.

Qeyd edək ki, BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ prezidenti Donald Trampla Qətər əmiri Şeyx Tamim bin Hamad əl-Taninin görüşü gözlənilir.

Gununsesi.info