300-dən çox delfin ölüsü! -YENİ ZELANDİYADA ŞOK

  • By admin
  • 10 Fevral 2017 16:29

delfin

Yeni Zelandiyada görünməmiş hadisə baş verib. Yeni Zelandiya sahillərinə birdən-birə 400-dən çox delfin çıxıb. Heyvanları mühafizə xidməti onların təxminən 300-nün ölü olduğunu müəyyən edib.

Gununsesi.info bildirir ki, «The New Zealand Herald» qəzeti ölkənin ən gözəl çimərliklərindən birinin delfin məzarlığına döndüyünü göstərir. Xilaskarlar hələ belə mənzərənin şahidi olmadıqlarını deyirlər. Sağ qalan 100-ə yaxın delfini dənizə qaytarıblar, amma onlar sahildən uzaqlaşmaq istəməyiblər.

«BU, ADİ HAL DEYİL»

Hadisənin səbəbi hələ bəlli deyil. Yerli mühafizə xidməti delfinləri xilas etməkdən ötrü könüllü toplayır. Amma könüllülər yardım üçün səhəri gözləməli olublar, çünki delfinlərlə qaranlıqda işləmək təhlükəlidir.

Təbii Sərvətləri Mühafizə Şöbəsindən Andrew Lamason deyib ki, suya buraxılan delfinlər sahilə qayıtsalar da, onları yenə suya atmaqdan başqa yol yoxdur.

Qəzet təcrübəli elm adamlarının tədqiqata cəlb olunduğunu yazır. Delfinlərin meyitlərini yarmaqdan ötrü Yeni Zelandiyanın Messi Universitetindən Dr. Stuart Hunter bölgəyə yola düşüb. «Bu qədər delfinin belə qısa zaman kəsiyində sahilə tökülməsi adi hal deyil. Biz bunun əsas səbəbini öyrənməyə çalışırıq», – deyən mütəxəssis delfinlərin sürətlə çürüdüyünü, ona görə də tədqiqata mümkün qədər tez başlamalı olduqlarını bildirib. Onun sözlərinə görə, problemin səbəbini tapmaqdan ötrü delfinlərin daxili orqanları nəzərdən keçirilməli, onların hansısa xəstəliyə yoluxub-yoluxmadığı aşkarlanmalıdır. Dr. Stuart Hunter nəticələrin bir həftədən tez bəlli olmayacağını söyləyib.

DELFİNLƏRƏ GÖRƏ SƏFƏRƏ ÇIXIRLAR

Yüzlərlə könüllü, o cümlədən tələbələr səhər açılan kimi uzaqlara səfər etməyə hazırlaşırlar. Onlar həm delfinlərin dənizə qayıdıb-qayıtmadığını, həm də sahilə doğru yeni axının olub-olmadığını müəyyən etməlidirlər.

Delfinlərin sahilə tökülməsiylə bağlı xəbər Yeni Zelandiyanın Təbii Sərvətləri Mühafizə Şöbəsinə fevralın 9-da, yerli vaxtla axşam saat 8 radələrində çatıb.

Qəzet Yeni Zelandiyada 1800-cü illərdən bəri daha 2 dəfə belə hadisə baş verdiyini qeyd edir. 1918-ci ildə Çatem adalarında sahilə minə yaxın, 1985-ci ildə isə Oklend sahillərinə 450 delfin çıxıbmış.

Son tədqiqatlar delfinlərin güman edildiyindən də ağıllı, 14 min səs siqnalından ibarət söz ehtiyatına malik, özünü dərk edən, «sosial şüurlu» varlıqlar olduğunu aşkara çıxarıb. Alimlər emosional hissə malik delfinlərin yeni doğulanlara, xəstələrə yardım etmək iqtidarında olduqlarını, beləsini görəndə onu suyun üstünə çıxarmağa çalışdıqlarını deyirlər.