Azərbaycanda siyasi məhbus yoxdur – SİYAVUŞ NOVRUZOV

  • By admin
  • 23 Fevral 2018 12:08

“Prezident tərəfindən cəza siyasətinin yüngülləşdirilməsi Azərbaycan ictimaiyyəti  tərəfindən yüksək qiymətləndirilib. Cəza siyasətinin yüngülləşdirilməsi nəticəsində 1500 nəfərin cəzası yüngülləşib və ya cəzasının  qalan hissəsini çəkməyəcək. Bunun özü bir amnistiya aktı kimidir”.

Gununsesi.info xəbər verir ki bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O qeyd edib ki, bu Heydər Əliyev siyasətinin əsas amalıdır.

Deputatın sözlərinə görə, YAP-ın siyasəti bundan ibarətdir ki, Azərbaycanda siyasi baxışlarına görə heç kim məsuliyyətə cəlb edilmir:

“Düzdür, digərlərinin hakimiyyətdə olduğu dövrlərdə represiyalar olub. Lakin ümumilli lider və YAP hakimiyyətə gəldiyi dövrdən siyasi baxışlarına görə heç kim məsuliyyətə cəlb edilməyib. Hər bir şəxs yalnız törətdiyi cinayətə görə məsuliyyətə cəlb  edilir”.

Komitə sədri əlavə  edib ki, bəzən özünün və  digər həmkarlarının adından mətbuatda müxtəlif səpkili baxışlar tirajlanır:

“Mən bir daha vurğulayıram ki, Azərbaycanda siyasi məhbus yoxdur, bu və ya digər cinayətə görə məsuliyyətə cəlb olunan və həbs edilənlər var. Azərbaycanda qanunun aliliyi hər şeydən üstündür. Prezident  cəza siyasətini yüngülləşdirməklə sübut etdi ki, Azərbaycanın dövlət siyasəti  ən humanist siyasətdir”.

Məsələyə münasibət bildirən spiker Oqtay Əsədov da qeyd edib ki, son dövrlər bəzi mətbuat orqanlarında müəyyən məsələlər təhrif olunur.

Mürtəza

 Gununsesi.info