Dövlət qurumlarının 364 MLN BORCU SİLİNƏCƏK

  • By admin
  • 20 Fevral 2018 15:52

Dövlət təşkilatlarının dövlət sosial sığorta ödənişləri ilə bağlı yaranmış borclarını silinəcək.

Gununsesi.info xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə (MM) əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borclarının, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edib.

2018-ci il aprelin 1-dən qüvvəyə minəcək 5 maddədən ibarət qanun layihəsində bildirilir ki, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

Müvafiq icra hakimiyyətləri dedikdə, bocların silinməsi hansı qurumlara şamil edilə bilər? Və bu borcun məbləğı nə qədərdir?  

Gununsesi.info xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev mediaya açıqlamasında bu borcların 1 yanvar 2018-ci il tarixinədək təxminən 364 milyondan çox olduğunu bildirib.

O bildirib ki, bunun da 282.6 milyonu əsas məbləğ təşkil edir, 81.8 milyon manatı isə sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilən sanksiyalar və cərimələrdir: “Hesabat məlumatlarına istinad etsək, deyə bilərik ki, 1 yanvar 2006-cı ilə qədər məcburi dövlət sosial sığorta haqları üzrə 200 milyon manata yaxın borc olub. Bu borcların 50 faizi ödənilib. 2018-ci il 1 yanvar tarixinə qədər 100.2 milyon manat əsas borc qalıb. Bu o deməkdir ki, qanun layihəsi qəbul edildikdə 1 yanvar 2006-cı ilə qədər yaranan və 1 aprel 2018-ci ilə qədər ödənilməyən 100 milyon manat vəsaiti silmək imkanımız olacaq. Yəni bu vəsait sığortaedənlərimizdən tələb olunmayacaq. Bu vəsaitləri onsuz da ümidsiz borclar siyahısına aid etmişdik”.

Qeyd edək ki, Hesabalama Palatasının Dövlət Sosial Müdafiə Fondunun büdcə icrasına dair rəyində qeyri-büdcə təşkilatlarının 01.07.2016-ci il tarixinə görə 347 milyon manatlıq borcundan bəhs edirdi.   təşkil edir.

Məlumatda deyilir ki, qeyri-büdcə təşkilatlarının sosial sığorta ödənişlərindən yaranmış debutor borcu ilin əvvəl ilə müqayisədə 10 faiz artıb.

Qeyd edək ki, qeyri-büdcə təşkilatlarına özəl sektor ilə yanaşı dövlətin iri vergi ödəyiciləri də daxildir. Və həmin şirkətlərin bu bölmədə böyük paya sahib olduğunu deyə bilərik. Rəyə əsasən, dövləti iri sığortaedənlərdən ilin əvvəlinə nisbətən debitor borclarında azalma yalnız Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti üzrə müşahidə edilib. Digər iri şirkətlərin isə borclarında ilin əvvəlinə nisbətən artım olub. Təəssüf ki, əldə etdiyimiz hesabatda iri şirkətlərin borclarının tam həcmi deyil, yalnız artım hissəsi göstərilir. Belə ki,

-Azərbaycan Dövlət Neft Şirkətinin borcu üzrə 1,7 milyon manat və ya 3,3 dəfə,

– “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin borcu 281,4 min manat və ya 12,4%,

-“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin 88,6 min manat və ya 5,7%,

-“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin 196,6 min manat və ya 45,5%,

-“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 2,9 milyon manat və ya 10,1%  artım baş verib.

Bir sıra ekspertlər bunu müsbət addım hesab edir. Onlar düşünür ki, qanun layihəsi təsdiq olunandan sonra ən çox sevinənlər bələdiyyələr olacaq. Çünki Azərbaycan Respublikasında bütün bələdiyyələrin  DSMF-yə borcu var. Bələdiyyələrin əkəsiyyəti borca görə DSMF tərəfindən məhkəməyə verilib və məhkəmə qərarı ilə hesablarına sərəncam qoyulub. Bu baxımdan amnistiya onlara nəfəs almağa imkan verəcək.

Vüsalə Rüstəmova

Gununsesi.info