Fransız-Azərbaycan Universitetinə qəbul imtahanı keçirilib

  • By admin
  • 27 İyul 2017 14:40

15

İyulun 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fransa-Azərbaycan Universitetinə (UFAZ) qəbul imtahanı keçirilib.

Təhsil nazirinin müavini Ceyhun Bayramovun Gununsesi.info-ya verdiyi məlumata görə, Strasburq universitetinin prorektoru Filip Turek, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov və KİV nümayəndələri imtahan prosesini izləyiblər.

Dövlət İmtahan Mərkəzinin mərkəzləşdirilmiş qəbul imtahanında I qrup üzrə 500-dən çox bal toplayan 428 nəfər abituriyent UFAZ-a qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib. UFAZ-da hər bir ixtisas üzrə 120 dövlət sifarişli və 40 ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin təhsil alması nəzərdə tutulur.

İki saat davam edən imtahanda abituriyentlər ümumi təhsil pilləsindəki tədris dillərinə uyğun (Azərbaycan və ya rus) riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən on test sualını cavablandırıb, ingilis dilində qrammatik çalışma və esse yazıblar.

İmtahan nəticələri iyulun 28-də elan olunacaq.

Qeyd edək ki, ötən tədris ilində 141 nəfər UFAZ-da oxumaq hüququ qazanıb. Onlardan 120 nəfəri dövlət sifarişi, 21 nəfəri isə ödənişli əsaslarla təhsil alır.

UFAZ-da 4 ixtisas üzrə – geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU) alacaqlar.

Anar
Gununsesi.info