Həkimlərin maaşı artırılsın - DEPUTATDAN TƏKLİF

  • By admin
  • 22 Noyabr 2017 13:10

“2018-ci il üçün büdcə zərfi peşəkar hazırlanıb. Gələn il üçün büdcəyə 20 faiz artımın proqnozlaşdırılması iqtisadi yüksəlişdən xəbər verir. Büdcənin üçdə birindən çoxunun sosial sahəyə ayrılması prezidentin sosial sahəyə diqqəti kimi qiymətləndirilməlidir”.

Gununsesi.info xəbər verir ki, bunu deputat Əhliman Əmiraslanov Milli Məclisdə çıxışı zamanı deyib.

Deputat həmçinin qeyd edib ki, AMEA-nın büdcəsinin 5%-ə qədər artırılması da elmin inkişafında mühüm rol oynayacaq.

Ə.Əmiraslanov səhiyyə sahəsində olan problemlərə toxunub. O səhiyyə xərclərinin az olduğunu vurğulayıb: “Təəssüf hissi ilə demək istərdim ki, adambaşına düşən səhiyyə xərcləri azdır. Səhiyyə xərclərinin və həkimlərin maaşının az olması yeni inşa edilmiş klinikaların effektiv işləməsinə mane olur. Heç olmasa əhalinin artımını nəzərə alaraq səhiyyə xərclərini ilbəil artırmaq lazımdır”.

Deputat əlavə edib ki, əgər səhiyyə xərclərini azaltsaq və stabil saxlasaq səhiyyə sahəsində problem artacaq: “Hesab edirəm ki, səhiyyə xərcləri hökmən artmalıdır. Keçən il büdcə müzakirələrində yeni doğulan uşaqların katilyar implantasiyalarını müzakirə etdik. Hər il eşitmə və danışma qüsurlu 150-dək uşaq doğulur. Qısa müddətdə həmin uşaqlarda implantasiya aparılmasa onlar ömürboyu lal və kar qalırlar. Bu əməliyyatı apara bilən klinikalar var. Lakin implantlar yoxdur, onlara təqribən 2 milyon vəsait lazımdır. Ona görə də insanlar növbəyə durur. Adambaşına düşən xərcin az olduğu bir müddətdə Səhiyyə Nazirliyinin ayrılan vəsait hesabına da bunun reallaşdırılması çətindir”.

Deputat həmçinin deyib ki, orqan translantasiyası keçirən xəstələrin antidepresant preparatları almaq imkanı yoxdur: “Çünki orqan transplantasiya edən şəxs 50-60 il yaşayır və bu şəxslərə ayda 3-4 min manat vəsait lazımdır ki, antidepresant almalıdır. Amma onların buna imkanı çatmır”. O vurğulayıb ki, onkoloji preparatlar bahalıdır.

Mürtəza

Gununsesi.info