Heydər Babayevə ittiham -  KİMDİR, FƏHLƏNİN YAZDIĞINI OXUYAN..

  • By admin
  • 25 Oktyabr 2016 17:58

heydar-babayev060106-big

AB  Standart  Şirkətlər  Qrupunun  Dərnəgül  Boru  Zavodu  QSC –də  fəhlə  işləmiş Sərməst  Seyidəliyev Gununsesi.info-ya şikayət məktubu ilə müraciət edib. Vətəndaş saytımıza ünvanladığı məktubunda sabiq iqtisadi inkişaf naziri Heydər Babayev və onun yaxınlarını qanunsuzluqda, işçilərin əmək hüquqularını pozmaqda və mənimsəmədə ittiham edib.

Gununsesi.info Sərməst Sedəliyevin şikayətini təqdim edir:

 

İxtisasım  jurnalist  olsa  da    məcburi  köçkünlükdən  sonra  ailəmi  dolandırmaq  üçün  keçmiş  iqtisadi  inkişaf  naziri  Heydər  Babayevin  sahibkar  olduğu  AB  Standart  Şirkətlər  Qrupunun  Dərnəgül  Boru  Zavodu  QSC –də  fəhlə  işləmişəm.  On  bir  il  həmin  müəssisədə  çalışmışam. Bu  müddət  ərzində  nələrin şahidi  olmamışam?  Zavodun  icraçı  direktoru  Məhəmməd  Abbasov  müəssisəni  öz  bildiyi  kimi  işlədir,   vəzifəsindən  sui  istifadə  edir,  vəzifə  səlahiyyətlərini  aşır,  saxtakarlığa  yol  verirdi.   Qanuna  əməl  etmədən  fəhlələri  gecə-gündüz  ,  qeyri  iş  günləri  işlədirdi. Qeyri  iş  günlərinin  və  gecə  pullarını  vermirdi.   Biz  fəhlələrin  qazancı  hesabına  hər  ay   ezamiyyət  götürüb  on-on  beş  günlərlə  xarici  ölkələrə  gedirdi.

Ziyalı  kimi  onun  haqsızlıqlarına  dözməyib  hüququmuzu  tapdalayaraq  bizi  qul  kimi  işlətdiyini,  qanuna  əməl  etmədiyini  ona  bildirdim.  Sözlərimdən  qəzəblənərək   mənə   cavabı  bu  oldu:   biz  belə  işləyirik,  xoşun  gəlmir  gedə  bilərsən.  Bir  də  hara  şikayət  edirsən  et.  İndi  prokuror  yox,  məhkəmə  yox,  həmkarlar  da  həmçinin.  Kimdir  fəhlənin  yazdığını  oxuyan.  Keçən ilin  dekabr  ayından   direktorun  əməllərini  faktlarla  respublika  prokurorluğuna  yazıram.  Təsəvvür  edin,  prokurorluğa   25  dekabr  2015-ci  il  tarixdə   yazdığım ərizəyə   çox  get-gəldən  sonra    2016-ci  avqustun 9-da  cavab  almışam.  Cavabı  imzalayan  prokurorluqda  istintaqa  nəzarət  idarəsinin  rəis  müavini  baş  ədliyə  müşaviri  cənab  Qabil  Qasımov   məhkəməyə  müraciət  etməyimi  bildirir.

Cavaba  əsasən  yenidən  prokurorluğa  müraciət  edərək  göstərdim  ki,  yaxşı,  əmək  haqqına  görə  məhkəməyə  müraciət  etdim.  Bəs  9-10  bənddən  ibarət  göstərdiyim  faktlar  barədə  hara  müraciət  etməliyəm?   Bu  dəfə   prokurorluqda  istintaqa  nəzarət  idarəsinin  rəisi  üçüncü  dərəcəli  dövlət  ədliyyə   müşaviri cənab  Nazim  Abbasovun  imzası  ilə  cavab  aldım.  O  da  məhkəməyə müraciət  etməyimi  bildirir.  M. Abbasovun  özbaşınalıqları, haqsızlıqları,   saxtakarlıqları  və  s.  barədə  Korrupsiyaya  Qarşı  Mübarizə  Baş  İdarısinə  də  ərizə ilə  müraciət  etmişəm.  Aldığım nəlumata  görə,  həmin  ərizə  də  baş  prokurorluğa  göndərilmişdir.

Başa  düşə bilmirəm,  işdə  cinayət  xarakteri  olduğu  halda  nə  üçün  məhkəməyə  müraciət  etməliyəm?   Verilən  cavablarla  razılaşmayıb   oktyabrın  10-da   baş prokurorluğa  getdim.  Çox  çalışdıqdan  sonra  cənab  Qabil  Qasımov  məni  qəbul  etdi.  Qəbulda  canlı söhbətimiz  oldu.  Ərizələrimdə  göstərdiklərim  faklardan  əlavə  də  nöqsanları  sadaladım.  Yenə   göstərdiyim  faktların   mümkünsə  iştirakımla  yoxlanılmasını  bildirdim.

Çox  söhbətdən  sonra  dedi  ki,  özəl  müəssisələri  yoxlamağa  hüquqları  yoxdur. Şikayətin  bizlik  deyil.  Bizə  nə  qədər  yazsan  verdiyimiz  cavabı  yenə  təkrar  olaraq sizə  göndərəcəyik.  Axı  nəyə  görə? -deyə  soruşdum.  Dinmədi, sualım  cavabsız  qaldı.

Öz  sualıma  özüm  cavab  verib  dedim  ki,   ərizəmi  axıra  kimi  oxumamısınız.  Elə  başdan  əmək  haqqını  oxuyan  kimi  “mülki  işdir,  məhkəməyə  müraciət  edin”  cavabını  göndərmisiniz.  Məsələ  burasındadır  ki,  tezbazar  nəticəyə  əl  atmaq  yox,  onun  məğzini,  kökünü,  səbəbini  tapmaq  lazımdır.  Səbəb  isə  korrupsiya, özbaşınalıq,  səhlənkarlıq,  vəzifədən  sui  istifadə,  vəzifə  səlahiyyətlərini  aşmaq,  saxtakarlıqdır.

M.Abbasov fəhlələri  qanunsuz  olaraq  qeyri  iş  günləri  işlədib  pulunu   sahibkar  Heydər  Babayevlə  mənimsəyiblər.  Bizim  pulumuz  hesabına  M. Abbasov  hər  ay  zavoddan  ezamiyyə  götürüb  xarici  ölkələrə  gedərək   özünə  şəxsi  boru  zavodu  tikmək  üçün  avadanlıqlar  alırdı.  Hal  hazırda   zavod  fəaliyyətdədir. Bacısının  əri  zavodda  ambardar  işləyirdi.  Nə  qədər  pullanmışdısa  şəhərdə  dörd-beş  yerdə,  habelə   dağlıq  rayonların  birində  isti  günlərdə  ailəsi  ilə  birlikdə  istirahət  etmək  üçün  ev  alıb. Şəxsən   aylıq  əmək  haqqım  onunkundan  çox  idi. Mən  isə  hələ  də  uşaq  bağçasında  yaşayıram.  Göstərdiyim  bu  faktlar  məhkəməlik  yox   sırf  prokurorluqdur.  Axı  burada  korrupsiya, cinayət  var.  Başa  düşə bilmirəm,  görəsən  korrupsiyanın  buynuzu  olur?

Aydındır  ki,  incidilən  vətəndaş  qanun  keşikçilərinə  müracit  etməlidir.  Qanun  keşiyinin  başında  dayananlar  belə  deyəndə  adam  lap  dəhşətə gəlir.  Prokurorluqdan  çıxanda  M. Abbasovun  dediyi  sözləri    indi  başa  düçdüm  və  bir  daha  təkrarladım:  hara  şikayət edirsən et.  İndi    prokuror  yox,  məhkəmə  yox, həmkarlar  da  həmçinin.    Kimdir  fəhlənin  yazdığını  oxuyan.

Qəribə  dövrdə   yaşayırıq,  deyilmi?