“İxracda bəzi mal qruplarında artım, bəzilərində azalma olub” - Samir Əliyev

  • By admin
  • 17 Yanvar 2017 15:23

samir
2016-cı ildə 610,8 milyon dollarlıq profisit yaranıb, yəni, ixrac idxalı üstələyib. Qeyri-neft ixracı 2015-ə nisbətən 27,6%-ə yaxın azalsa da ümumi ixracda payını 13.7%-ə yüksəldib. Səbəb əlbəttə neft ixracının daha çox – 29,1% azalmasıdır. İxracda bəzi mal qruplarında artım, bəzilərində azalma olub.

Gununsesi.info xəbər verir ki, bu haqda iqtisadçı-ekspert Samir Əliyev sosial şəbəkədəki şəxsi hesabında paylaşıb.
Ekspert bildirib ki, meyvə-tərəvəz (19,5%), pambıq ipliyi (25,18%), qara metallar və onlardan hazırlanan məmulatlar (177%), alüminium və ondan hazırlanan məmulatlar (13,8%) baş verib:

“Bundan başqa çay 67,3%, bitki və heyvan mənşəli piylər və yağlar 88,8%, şəkər 70,7%, spirtli və spirtsiz içkilər 37,5%, plastmassa və onlardan hazırlanan məmulatlar 12% azalıb. İxracın strukturuna diqqət yetirsək görərik ki, artım bir qayda olaraq yerli xam mala əsaslanan məhsullarda baş verib. Meyvə-tərəvəz, pambıq ipliyi, qara metal və alüminium məmulatları bu qəbildəndir. Ancaq çay, şəkər, spirtli və spirtsiz içkilər kimi xarici xammala əsaslanan məhsullarımızın ixracı azalıb. Səbəb milli valyutanın ucuzlaşması səbəbindən xaricdən gətirilən xammalın bahalaşmasıdır. Bu bahalaşma istehsal olunan son məhsulun maya dəyərini artırır və ixracın qiymət baxımından rəqabət qabiliyyətini azaldır. Gömrük Komitəsinin məlumatına görə, şəkər 2015-ci ildə hər kq-ı 96 sentə ixrac olunduğu halda 2016-cı ildə 572,4 dollara ixrac olunub. Halbuki FAO-nun məlumatına görə, 2016-cı ildə dünya bazarlarında şəkərin qiyməti 2015-ci illə müqayisədə 34.2% artıb. Oxşar vəziyyət bitki və heyvan mənşəli piylər və yağlarda yaranıb. Bu mal qrupunun orta ixrac dəyəri hər kq 2 dollardan 1.1 dollara düşüb. Çay ixracının orta dəyəri isə əksinə hər kq üçün 4.6 dollardan 5,4 dollara yüksəlib”.

Anar

Gununsesi.info