Millət vəkili Bosco Conference-in açılışını edib

  • By admin
  • 26 Oktyabr 2016 18:00

 

rufat

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü, millət vəkili, professor Rüfət Quliyev Bosco Conference-in hər il keçirilən beynəlxalq konfransının Bakıdakı JW Mariott Hotel Apsheron Baku otelində açılışını edib.

Gununsesi.info-nun xəbərinə görə, konfrans  ötən il də Bakıda keçirilib.

Konfransı açan professor Rüfət Quliyev “Müasir mərhələdə Azərbaycanın investisiya sahəsində “artımsız inkişafı” iqtisadi siyasət” mövzusunda geniş məruzə edib. Məruzədə Azərbaycan Prezidenti  İlham Əliyevin həyata keçirdiyi uğurlu və dayanıqlı iqtisadi siyasət kursundan ətraflı bəhs olunub. Ölkədə iqtisadiyyatın diversifikasiyası, sahibkarlığın inkişafı üçün yaradılan münbit şərait, kənd təsərrüfatının inkişafına verilən xüsusi önəm diqqət mərkəzində olub. Belə ki, aparılan genişmiqyaslı islahatlarla bağlı son vaxtlarda ölkə Prezidentinin çoxsaylı sərəncamlarının əhəmiyyətini qeyd edən millət vəkili vurğulayıb ki, bütün dünyanı bürümüş iqtisadi və maliyyə böhranı, neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi Azərbaycana müəyyən zərər vursa da, onların nəticələri ölkəni inkişafdan saxlaya bilməmiş və hazırda artım müşahidə olunmasa da iqtisadiyyatın bütün sahələri stabil işləyir. Qeyri-neft sektoru isə dinamik inkişaf edir.

Məruzəçi qeyd edib ki, bütün bunlar ölkə rəhbərliyinin uzaqgörən siyasətinin, qabaqlayıcı tədbirlərin görülməsi, çoxspektrli iqtisadi islahatların həyata keçirilməsi nəticəsində mümkün olub və islahatların keçirilməsi davam edir. Məruzə iştirakçılar tərəfindən böyük maraqla dinlənilib. Daha sonra  R.Quliyev verilən çoxsaylı sualları cavablandırıb.

Tədbirdə T.Şevçenko adına Kiyev Milli Universitetinin aspirantı, tanınmış menecer-məsləhətçi Kənan Salayev məruzəçi olub. Məruzəçi “Azərbaycanın infrastruktur layihələrində strateji investisiyalar” mövzusunda ingilis dilində məruzə edib. Bu məruzə də o, Azərbaycanın xaricdə təbliği sahəsində mühüm məsələləri əhatə edib.

Rüfət Quliyev həmçinin qeyd edib ki, Azərbaycanın digər tanınmış iqtisadi alimləri, maliyyə, bank sahəsinin mütəxəssisləri də bu konfransda iştirak edib, öz fikirlərini bölüşüblər. Konfrans öz işini davam etdirir.

Qeyd edək ki, şirkət 2005-ci ildə vergitutmalar, beynəlxalq maliyyə xidmətləri sahəsində görkəmli mütəxəssislər tərəfindən yaradılıb. Şirkətin əsas məqsədi müxtəlif ölkələrdə vergitutmalar, şirkətin qeydiyyatı və onlara xidməti, leqal korporativ sxemlərin qurulması, xarici banklarla iş, beynəlxalq maliyyələşmənin cəlb edilməsi barəsində müştərilərə tam və obyektiv məlumat verilməsidir. Şirkət hər il bu cür illik beynəlxalq konfransları Avropa və Asiya ölkələrində keçirir. Bu tədbirlərdə əsas məruzəçilər, adətən, siyası xadimlər, hüquqi, auditor, konsaltinq şirkətlərinin, bankların sahibləri və rəhbərləri olurlar. Bu il də konfransın yenidən Bakıda keçirilməsinə Azərbaycanda hökm sürən siyasi və iqtisadi sabitlik və ölkə iqtisadiyyatındakı pozitiv amillər səbəb olub. Konfransda Böyük Britaniya, Niderland, Isveçrə, Malayziya, Kanada, Malta, Latviya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Kipr və digər inkişaf etmiş 20 ölkənin 150-dən yuxarı nümayəndəsi iştirak edib.

Gülnaz Qənbərli

Gununsesli.info