Müayinə olunmaqla körpələri hepatitdən qoruyun - HAMİLƏ QADINLARA XƏBƏRDARLIQ

  • By admin
  • 23 Sentyabr 2017 19:10

95a14cae4bbe

“Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin “STOP Hepatit!”- Əhalinin saglamlıgının qorunması üçün viruslu hepatitlər əleyhinə maarifləndirmə tədbirlərinin keçirilməsi layihəsi çərçivəsində Respublika QİÇS-lə Mübarizə Mərkəzində hamilə qadınlarla görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Fəxriyyə Abdullayeva bildirib ki, əhalinin saglamlıgının qorunması üçün viruslu hepatitlər əleyhinə maarifləndirmə tədbirlərinin keçirilməsini zəruri edən səbəblər çoxdur. Amma ən əsası odur ki, hazırda hepatitlər ən yüksək yoluxma səviyyəsinə malik viruslardandır: “Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata əsasən, hazırda bütün dünyada hepatitlərə yoluxanların sayı 3 milyarda yaxındır. Bütün infeksion xəstəliklər arasında hepatitlər yayılmasına görə 3-cü yeri tutur. Dünyada hər 12 nəfərdən biri hepatitə yoluxub. Bu viruslara yoluxan insanlarda əksər hallarda qaraciyər sirrozu və qaraciyər xərçəngi yaranır. ÜST-in proqnozuna əsasən, yaxın 10-20 ildə hepatitlər üzündən qaraciyər sirrozu 60 faiz, qaraciyər xərçəngi 68 faiz, qaraciyər mənşəli digər xəstəliklərdən ölüm halları isə 2 dəfə artacaq”.

Layihə rəhbərinin sözlərinə görə, viruslu hepatitlərlə yoluxma təhlükəsi qarşısında olan əhali qrupu – hamilə qadınlar hazırda ən çox diqqətdə saxlanılan qrupdur: “Çünki viruslu hepatitlər həm hamilə qadınların özünü, həm onun bətnindəki körpənin həyatını, saglamlıgını çox ciddi şəkildə təhdid etməkdədir. Ona görə də həyata keçirdiyimiz layihənin məqsədi hamilə qadınların viruslu hepatitlərə yoluxma hallarının qarışısının alınmasına yardım etməkdir”.

Layihənin eksperti Samirə Vəliyeva bildirib ki, əgər hamilə qadın vaxtında hepatit virusunun daşıyıcısı və ya xəstəsi olması barədə məlumatlı olsa, öz körpəsini qoruya bilər. Ona görə də hamiləlik dövründə 2 dəfə – hamiləliyin 12-ci və 33-34-cü həftələrində mütləq bu viruslara qarşı yoxlanmalıdır.

Ekspertin sözlərinə görə, Hepatit B-li qadınların dünyaya gətirdikləri körpə anadan olan kimi 2 saat ərzində peyvənd olunur. 6 yaşına qədər isə 2 ayında, 6 ayında və 6 yaşında olmaqla, daha 3 dəfə peyvənd olunmaqla, bu virusdan tamamilə müdafiə olunur.

Layihənin eksperti Zülfiyyə Mustafayeva bildirib ki, Azərbaycanda hazırda hepatitlərin müalicəsi dövlət tərəfindən pulsuz olaraq həyata keçirilir. Bunun üçün 2014-cü ildə Səhiyyə Nazirliyinin nəzdində xüsusi komissiya yaradılıb. Bu komissiyaya müraciət etməklə qeydiyyatdan keçib lazımı preparatları almaq mümkündür.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Ziyad Nəsibov hepatitləri QİÇS-lə paralel olraq da müalicə etməyin mümkünlüyündə danışıb.
Daha sonra iştirakçıların sualları ekspertlər tərəfindən cavablandırılıb.

Tədbirdə həmçinin layihə çərçivəsində çap edilən və hepatitlər barədə qısa məlumatların əks olunduğu bukletlər də təqdim olunub.
Qeyd edək ki, layihə çərçivəsində məlumat sessiyalarının davam etdirilməsi nəzərdə tutulur.

Gununsesi.info