Müsəlmanların hüquqları tapdalanır - NAZİR

  • By admin
  • 22 Fevral 2017 13:24
elmar
Azərbaycan hər zaman qardaş Türkiyənin yanında olub və olacaq.
Gununsesi.info xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Ankarada Türk Şurasının təşkilatçılığı ilə keçirilən “Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
 
Son dövrlərdə Türkiyədə baş verən terror hadisələrinə də mövqeyini açıqlayan E. Məmmədyarov bildirib ki, son zamanlar qardaş Türkiyədə törədilən terror hadisələri bizi ciddi şəkildə narahat edir və biz bu terror aktlarını qətiyyətlə qınayır və hər zaman qardaş Türkiyənin yanında olduğumuzu bəyan edirik: “Terrordan əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorun bütün formada qəti şəkildə pisləyir”.
Nazirin sözlərinə görə, əfsuslar olsun ki, son zamanlar islam dini beynəlxalq aləmdə bəzi insanlar, o cümlədən natiqlər, siyasətçilər tərəfindən terrora xidmət edən din kimi qələmə verilməkdədir: “Acınacaqlı haldır ki, bir çox ölkələrdə islam dininin daşıyıcısı olan insanlara qarşı münasibətdə radikal hərəkətlər həyata keçirilir, müsəlmanların hüquqları tapdalanır, onların terrorun potensial daşıyıcıları olduğu kimi xoşagəlməz fikirlər səsləndirilir”.
E.Məmmədyarov deyib ki, Azərbaycan müxtəlif dini mənsubiyyətin nümayəndələrinin azad, demokratik, firavan şəkildə bərabər yaşadığı tolerant bir ölkədir: “Xalqımız bu xüsusiyyətləri daşıyır, mehriban şəkildə hər bir dinin nümayəndələri ilə, milli azlıqlarla bərabər yaşayır. Bu məsələyə dövlət səviyyəsində də xüsusi həssalıqla yanaşılır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2016-cı il “Azərbaycanda multikulturalizm ili” elan edilmiş, ölkəmiz BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edib. Müxtəlif mədəniyyətlərin, dinlərin, konfessiyaların nümayəndələri ölkəmizə səfər edərək, Azərbaycanda bu istiqamətdə mövcud proseslərə canlı şahid olmuş, bununla bağlı öz fikirlərini ifadə etmişlər. Azərbaycan tolerant ölkə olmaqla yanaşı bir müsəlman ölkəsidir. Müsəlman mədəniyyətini, tarixini yaşadan bir ölkədir.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Azərbaycan islam dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsinə hər zaman xüsusi önəm vermiş və coğrafi mövqeyinə görə əsrlər boyu Qərb və Şərq sivilizasiyaları arasında körpü rolunu oynayaraq islam dininin mədəni və mənəvi dəyərlərini dünyaya təşviq edib. Bu səylərin davamı olaraq, Bakıda 2017-ci ilin may ayında 4-cü İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı qərar qəbul edilib”.
Mürtəza
Gununsesi.info