NATO Azərbaycanı təhlükəsizlik sahəsində islahatları artırmağa çağırıb

  • By admin
  • 23 Noyabr 2017 17:46

“Bu gün biz aramızda olan uzunmüddətli əməkdaşlığımızı müzakirə etdik. Biz Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına qoşunlar, tranzit imkanları və Əfqanıstan milli təhlükəsizlik qüvvələrinə maliyyə dəstəyi formasında verdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarıq. Həmçinin Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına qoşunların artırılması ilə bağlı qərarınıza görə Sizə təşəkkürümü bildirirəm”.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, bunu Brüsseldə NATO baş katibi Yens Stoltenberq Azərbaycan prezidenti İlham Əliyev ilə görüşdən sonra mətbuata bəyanatında deyib.

“NATO ilə Azərbaycan arasındakı tərəfdaşlığın başlanğıcı uzun illər bundan öncəyə təsadüf edir. Bu tərəfdaşlığın təməli demokratik dəyərlərə və prinsiplərə sadiqlik əsasında qoyulub. Bu gün bizim praktiki əməkdaşlığımız bacarıqların inkişafından tutmuş enerji təhlükəsizliyinə qədər bir çox sahələri əhatə edir və keçmiş sovet ordusundan qalmış partlamamış mina və hərbi sursatların təmizlənməsi üçün etimad fondu çərçivəsində aparılır. Mən, həmçinin Sizə BMT Təhlükəsizlik Şurasının qadınlar, sülh və təhlükəsizlik üzrə 1325 saylı qətnaməsini bizim əməkdaşlıq gündəliyimizə daxil etdiyiniz üçün təşəkkürümü bildirirəm. Bütün bunlar Avrotlantik məkanın daha da təhlükəsiz olmasına töhfə verir. Biz seçdiyiniz bütün sahələrdə Sizinlə işimizi davam etdirməyə və əməkdaşlığımızı daha da inkişaf etdirməyə sadiqik. Biz Sizi təhlükəsizlik sahəsində islahatların daha da artırılmasına dəvət edirik və korrupsiya ilə mübarizə sahəsində Sizə dəstək olmaq üçün bizim dürüstlüyün artırılması proqramından tam faydalanmağa çağırırıq”, – deyə o vurğulayıb.

Gununsesi.info