Ombudsmanın birgə layihəsi davam edir

  • By admin
  • 28 Aprel 2017 16:00

unnamed (24)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) ilə zorakılıq əleyhinə mübarizə üzrə 2016-cı ildən əməkdaşlıq edir və görülmüş işlər nəticəsində müsbət təcrübə əldə olunub.

Gununsesi.info-ya Ombudsmanın mətbuat xidmətindən verilən məlumata görə, cari il üzrə davam etdirilən “Didərginlik şəraitində qadınların səlahiyyətləndirilməsi” adlı layihə dörd rayonu əhatə edir. Layihənin əsas məqsədi Azərbaycanda gender bərabərliyinin və qadınların səlahiyyətləndirilməsinin, habelə onların sosial statuslarının yüksəldilməsinin təşviqinə yönələn əlaqəli səylərə dəstək verməkdir.

Sözügedən layihənin ilkin mərhələsində lazımi təşkilati tədbirlər görülüb, təlimlərdə payalanılacaq bir sıra çap vəsaitləri hazırlanıb. Növbəti mərhələdə məcburi köçkün icmalarında təlimlərin aparılması nəzərdə tutulmuşdur ki, burada ümumilikdə 3000 nəfərin iştirakı gözlənilir. Bu təlimlər məcburi köçkünlərin hüquqları üzrə milli ekspertlər tərəfindən aparılacaqdır.

28 aprel 2017-ci il tarixdə həmin təlimçilərin bilik və bacarıqlarının artırılması məqsədilə onlar üçün treninq keçirilib. 

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova çıxış edərək, son dövrdə məişət zorakılığı ilə mübarizədə ictimai fəallığın gücləndirildiyini, belə tədbirlərin məcburi köçkün icmalarını əhatə etməsinin vacibliyini vurğulayıb. O, həmçinin Müvəkkil Elmira Süleymanovanın bu sahədə paytaxt və regionlarda həyata keçirdiyi silsilə hüquqi maarifləndirmə tədbirləri, bu tədbirlərə Ombudsmanın regional mərkəzlərinin və yerli icmaların da fəal qatıldığını söyləmişdir. Bu layihə çərçivəsində tədbirlərdə toplanacaq məlumatların ümumiləşdiriləcəyini, müvafiq dövlət qurumlarına uyğun təklif və tövsiyələrin göndəriləcəyini bildirib.

Eyni zamanda iştirakçılara cəmiyyətdə bərabərhüquqlu sistemin formalaşması, zorakılığın qarşısının alınması istiqamətində qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər, həmçinin məişət zorakılığı baş verəndə müraciət etmə qaydaları, mühafizə orderinin əhəmiyyəti haqqında ətraflı məlumat verilib.

Sonda təlim mövzusu ətrafında müzakirələr aparılmış, təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Gülnaz Qənbərli

Gununsesi.info