Ömürlük məhbusu döyüb, karsa saldılar - OMBUDSMANA ŞİKAYƏT ETDİYİNƏ GÖRƏ (YENİLƏNİB)

  • By admin
  • 26 Aprel 2017 11:16

ISHGENCE

Qobustan Qapalı Cəzaçəkmə Müəssisəsinin rəisi Aftandil Ağayev ömürlük cəzaya məhkum olunan Namiq Vəliyevi döydürərək, ona işgəncə verib.

Bu barədə Gununsesi.info-ya Namiq Vəliyevin ailəsindən bildirilib. Məlumatda 21 ildir ki, cəza çəkən Namiq Vəliyevin rəisin göstərişi ilə döyüldükdən sonra karsa salındığı bildirilir. Ona 10 sutka cərimə təcridxanası verilib.

Buna səbəb isə həmin müəssisədə qidalanma və digər məsələlərlə bağlı oradakı məhkumların İnsan Hüquqları Üzrə Müvəkkilə (Ombudsman) Elmira Süleymanovaya şikayətləri olub.

****

Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov Gununsesi.info-ya açıqlamasında  bildirib ki, Qobustan Qapalı Cəzaçəkmə Müəssisəsin ömürlük  həbs cəzası çəkən məhbusla bağlı yayılan informasiya həqiqəti əks etdirmir:

“Namiq Vəliyevin ailəsinin bütün bunları mətbuata hansı məqsədlərlə dediyini bilmirəm, lakin  belə şeylər qətiyyən ola bilməz. Çünki Qobustan Qapalı Cəzaçəkmə Müəssisəsin  saxlanılan şəxslərin hamısı nəinki Ombudsmana, eləcə də, Avropa Şurasına, Avropa Məhkəməsinə, və digər instansiyalara  mütəmadi olaraq şikayət məktubları göndərirlər. İndiyədək də bu şikayət məktublarının heç biri saxlanılmayıb. Qobustan Qapalı Cəzaçəkmə Müəssisəsin saxlanılan bəzi məhkumların  işlərinə Avropa Məhkəməsində də baxılıb. Bu onu sübut edir ki, biz – Azərbaycan dövləti, Ədliyyə Nazirliyi, Penitensiar Xidməti həmin məktubları, eləcə də məhbusların hər hansı şikayətləri varsa,  heç vaxt onun qarşısını almırıq. Ona görə də əksinə, qanunauyğun olaraq, 24 saat ərzində  həmin şikayət məktublarını aidiyyatı orqanlara və instansiyalara göndəririk. Ona görə də, Qobustan Qapalı Cəzaçəkmə Müəssisəsinin rəisi Aftandil Ağayevin ömürlük cəzaya məhkum olunan Namiq Vəliyevi Ombudsmana  şikayət etdiyinə görə, döydürüb işgəncə verdirməsiylə bağlı söylənilənlər absurd fikirlərdir”-, deyə o bildirib.

Gununsesi.info