Özünü satan qadın-sən kimsən? 15 MANATA ÖZÜNÜ SATMAĞA MƏCBUR OLAN QADINLARLA VİDEOYA SÖZ ARDI

  • By admin
  • 21 Aprel 2017 15:06

esmira

 30 illik peşəkar jurnalistlik fəaliyyətimdə ilk dəfədir ki, bu mövzuda yazıram.

Etiraf edim ki, həmişə qorxmuşam, çəkinmişəm, kiminsə yazdıqlarımı düz başa düşməyəcəyindən, haqqımda iftira edəcəyindən, nələrdən, nələrdən. Bir də ki, fahişəlik utancverici olduğu qədər bu mövzunu işıqlandırmaq da əxlaq qaydalarına zidd sayılıb. Amma bu dəfə yazmaya bilmirəm.

Sosial şəbəkələrdə əxlaqsızlıq yuvasından gizli çəkilmiş və sosial şəbəkələrin həvəslə paylaşdığı, 15 manata özünü satmağa məcbur olan qadınları izləyərkən keçirtdiyim sarsıntı məni yazmağa vadar etdi. Bir yazı ilə heç nəyi dəyişməsəm də, ən azından “ürəyimi” boşaldıram.

Fikrimə kimsədən dəstək olmasa da, o qadınlar, onların yazıq halı qadınlığın  faciəsidir. Çünki göstərilən məkanın özü belə dəhşətlidir. Xaricdə, bizdə İtlər üçün yaradılan sığınacaq hara, bu qadınların sakin edildiyi məkan hara? “Cənnət anaların ayaqları” altında olduğu halda niyə bu cavan qadınlar cəmiyyətin ayaqaltısına çevrilib? Bacarırsan,bunu çək,bunu araşdır, qardaş. Yoxsa ki, əxlaqsızlıq yuvalarından gizli video çəkməyə nə var ki….

Bacarırsan, bu bədbəxtləri həmin əxlaqsız yuvalarına sürükləyən yolları çək, itələyən əlləri çək, bu yolların kimlərin əllərilə ilə nizamlandığını ortaya qoy.

Görəsən bu videonu çəkən, onu paylaşan, sevə-sevə baxıb lənət yağdıranlardan kimsə düşündümü ki, onlar da ADƏM balasıdır, bu dünyada ana kimi yaşamağa haqqı olan birisidir. Bəlkə elə fikirləşək ki, o ufunətli məkana, bu iyrənc işə kefindən gedib? Fikrim heç də videodakı qadınlara əməllərində haqq qazandırmaq deyil. Sadəcə, inanmaq istəmirəm ki, o iyrənc məkana kimsə bəxtəvərlikdən gedə. 15 manata bu dünyanın nə keyfini çıxartmaq olar o mal tövləsində sizcə? O qadınları ora cəmiyyətimizin problemləri, ətrafdakıların, doğmalarının laqeydliyi, bir qarın çörəyə möhtaclıq sürükləyib. Bəlkə də neçələri ayaq üstə qalmaq üçün nə qədər yerlərə iş tapmaq ümidi ilə gedib, qapılar döyüb, cavabsız qalıb, ya da cavabı elə əxlaqsız həyat təklifi olub.

1408533649_1408513638_exlaqsizliq

Orta nəslin yaxşı yadında olar. Paytaxtda, bölgələrdə minlərlə qadının işlədiyi müəssisələr vardı-tikiş, xalça fabrikləri, konserv kombinatları, kondisioner, cihazqayırma zavodları, emal müəssisələri, kolxoz-sovxozlar. Bu iş yerləri bir-bir sıradan çıxdıqdan sonra qadınlarımızın faciəsi də başladı. Kişilərin ya Rusiya qaçıb, ya evə, çayxanaya qapanıb çörək gətirmək funksiyasını arvadların belinə şələləməsi də öz rolunu oynadı…

Bir də, hər bir qadının ali təhsil almağa, ayaq üstə durmağa maddi və mənəvi gücü çatmır. Belələrinə dəstək lazımdır-cəmiyyətin dəstəyi. Və əgər cəmiyyət onu faydalı bir fərd kimi görmək istəyirsə. O videoya baxanda çoxdan oxuduğum, müəllifini unutduğum bir əsərdən bir parçanı xatırladım. Restoranda yeniyetmə qızların yarıçılpaq şəkildə oynadıldığını görəndə kənddən gələn atanın öz qızını yada salıb ağlamasını və sorğusunu-bəs bu qızların sahibi yoxdur?

Elə mən də soruşmaq istəyirəm- özünü 15 manata satan qadın-sən kimsən? Ailəsinin vaxtsız dağıldığı, doğmalarının sahib çıxmadığı birimisən, ya həyat yoldaşını nakam itirən, həyat yollarında körpələrinlə aciz-avara qalan kimsə? Bəlkə işsizliyin qapılara saldığı çörək avarası? Bəlkə narkoman, ya tüfeyli ailənin  səhf yaşam tərzi ilə girinc qoyduğu birisi? Hər kimsənsə, özündə güc tap, inandır özünü ki, sən 15 mantlıq deyilsən! Sən kiminsə qızı, gəlini, bacısı, anasısan.

Deməli, Məhəmməd Peyğəmbərin (s) dediyi cənnətin bir parçası da sənsən!

… Yeri gəlmişkən, namus təkcə qadınların daşıdığı yük deyil həm də…Bunu da unutrmayaq.

Esmira İsmayılova

Lənkəran-Bakı 

Gununsesi.info