Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü Qənbər Şəmşiroğlunun “Kəlbəcər: ömrüm, həyatım” kitabının ikinci hissəsinin təqdimatı keçirilib.
Gununsesi.info xəbər verir ki, tədbirdə tanınmış ziyalılar, millət vəkilləri, Kəlbəcər ictimaiyyətinin tanınmış simaları, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvləri, nümayənlələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı çıxışında şair, nasir, publisist Qənbər Şəmşiroğlunun həyat və yaradıcılığından danışıb. O, çıxışında bildirib ki, saz-söz zərgəri olan Qənbər Şəmşiroğlu yeni kitabında doğulub boya-başa çatdığı eldə, obada bir sıra mühüm partiya və dövlət vəzifələrində çalışdığı zaman apardığı böyük quruculuq işlərindən, doğma Kəlbəcərdə gördüklərini və eşitdiklərini ipə-sapa düzüb. Bu kitabda uzun illər ərzində yaddaş dəftərində apardığı qeydlərindən istifadə edən müəllif Kəlbəcərin ictimai-siyasi həyatı ilə bağlı şahidi olduğu hadisələri şirin bir dillə qələmə alıb.
Məhərrəm Qasımlı deyib ki, sayca 24-cü olan bu kitabında da müəllif vətənpərvərlik, yurdsevərlik hisləri aşılayır: “Saz-söz sərrafı olan Qənbər Şəmşiroğlu “Kəlbəcər ömrüm, həyatım” kitabının ikinci hissəsində də eyni adlı kitabın birinci hissəsində olduğu kimi öz ənənəsinə sadiq qalaraq oxucularına günümüzün aktual mövzusu olan vətənpərvərlik, yurdsevərlik hissləri aşılamağa çalışıb. Azərbaycan xalqının yetişdirdiyi millətinə, vətəninə ürəkdən bağlı olan, öz ölkəsini sonsuz məhəbbətlə sevən, təkcə ailəsi üçün deyil, xalqı üçün yaşayan və yaradan ağsaqqal ziyalımız Dədə Şəmşir nurunun və ruhunun daşıyıcısı, yadigarıdır. Kitab bioqrafik memuar ədəbiyyatının ən gözəl nümunəsidir. Burada Qənbər müəllimin ötən əsrin 80-ci illərdən bəri başına gələn əhvalatlar, gündəlik qeydləri, həyatı üçün mühüm saydığı xatirələr, hətta baməzə hadisələr öz ifadəsini tapıb”.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şurasının sədri, AMEA-nın həqiqi üzvü, akademik Muxtar İmanov, əməkdar elm xadimi, professor Kamran Əliyev, millət vəkili Aqil Abbas, şair, əməkdar jurnalist Adil Cəmil, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, xalq şairi Sabir Rüstəmxanlı, millət vəkili Jalə Əliyeva, nasir, dramaturq, rejissor, publisist, jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, professor Şahlar Əsəgərov və digərləri müəllifin əsərlərindəki məzmun və forma gözəlliyindən, üslub və bədii xüsusiyyətlərindən, ədəbiyyatda layiqli mövqeyindən söhbət açıblar, çıxışlarında böyük sənətkarın ictimai fəaliyyətindən, ədəbiyyatımızın inkişafındakı xidmətlərindən danışıblar.