Qaçqın gəlinlər, arada qalan uşaqlar, dağılan ailələr… - ESMİRA İSMAYILOVA YAZIR

  • By admin
  • 25 İyul 2017 10:48

esmira

Lənət şeytana ,nə baş verir?

Sumqayıtda 3 uşaq anası körpələrini evdə qoyub həkimə getmək adı ilə evdən qaçıb. Ərinin polisə verdiyi açıqlamadan da məlum olur ki, bu 15 illk gəlinin ikinci qaçışıdır və çox güman ki, 35 yaşlı Bülbül Əliyevanın qaçış istiqaməti Türkiyədir. Ağsu rayonundan olan Xəyalə Kərimova da 3 uşağını taleyin ümidinə qoyaraq evdən qaçıb. Çox sadalamaq istəmirəm-1-2-3 uşağını qoyub qaçan gəlinlərlə bağlı xəbərlər son iki ildə o qədər artıb, paytaxtdan bölgələrə qədər elə geniş hal alıb ki,indi hər rayonun öz qaçqın gəlin-ana sıralaması var…

İlk əvvəl belə xəbərləri oxuyanda tüklərimiz ürpəşir, damarlarımızda qan donurdusa,gözüyaşlı uşaqların fəryadını eşidib boğazımız həyəcandan quruyurdusa,indi bu hallar o qədər kütləviləşib ki,gözlərimizin yaşı da quruyub, çöhrəmizin təəəccüb nidası da  donub. Artıq bu qaçhaqaçı gündəlik həyatımızın bir parçası hesab etməyə öyrəncəli olmuşuq.

5975ee36235d8_1500899567_20292486_1575679535818071_468713107_n

Diqqət etsəniz görərsiniz ki,isti yuvasını dağıdanların əksəriyyəti rayon yerində yaşayan,təhsili olmayan, erkən yaşda ailə quran gənc qadınlardır. Sosial şəbəkələrin əsl mahiyyətini başa düşməyən bu gənc anaların əksəriyyəti həyatlarına rəng qatmaq məqsədilə sosial şəbəkələrdə  kimlə gəldi tanış olur, həyat yoldaşlarından xəbərsiz yazışır, sonda bu virtual “sevgiləri” o qədər şiddətlənir ki, qadın ailəsini, canından can verdiyi körpələrini,cəmiyyətin ona bəslədiyi etibarı,ən əsası,abır- həyasını da gözünə almadan qaçır. Hara, nə üçün, niyə sualını özünə vermədən bir anlıq ehtirasa uyub gedir. Bu qaçmaların əksəriyyəti bəzən  qanlı sonluqla bitir. İkisini xatırladım. Masallının ucqar dağ kəndində yaşayan 3 uşaq anası mobil telefonda tanış olduğu birisinə qoşulub qaçmışdı. Qaçərkən evdə olan olan qalan pulu, zinət əşyalarını da aparmışdı. Bu ehtiraslı “məhəbbət”-n ömrü isə çox qısa olmuşdu. Cəmi 3 aydan sonra qaçdığı kişi pul və qızılın axırına çıxdıqdan sonra qadını  Bakıda tək, Allahın ümidinə buraxaraq aradan çıxmışdı. Kafelərin birində xadimə işləyən qadını əri səhf eləmirəmsə, 2 ildən sonra tapdı, uşaqlarının yanına qaytarmaq adı ilə evə gətirdi və elə həmin gün də qətlə yetirdi. Milli dəyərlərə bağlılığı ilə seçilən cənub bölgəsində jurnalist fəaliyyətimdə onlarla belə hadisələrlə rastlaşmışam.Amma evini, ailəsini qoyub qaçan hansısa gəlinin xoşbəxt olduğu bir fakt belə yadıma düşmür. Bu qaçışların hamısının sonluğu faciləi olub-ya həyat yoldaşları tərəfindən qətlə yetiriliblər, ya da inandıqları DON Juanların tələsinə düşərək olar-olmazlarını itiriblər. Evsiz-eşiksiz qalan bu qaçqınların böyük əksəriyyəti də sonradan dolanışıqlarını təmin etmək istəyəndə əxlaqsızlıq girdabına düşüb. Bütün bu hallar hamının gözü qabağında baş versə də,belə acı sonluqlardan nəticə çıxardan çox azdır. Çünki, ailədən qaçış marafon qaçışı kimi populyar hal almaqdadır.Ən pisi də budur ki,arada qalan körpə uşaqlardır. Belə uşaqlardan  çox zaman hər iki tərəfin valideynləri də imtina  edir.

Mənə elə gəlir ki, son on illikdə cəmiyyətimizdə cox güclü mənəvi aşınma başlanıb.Əgər ötən dövrlərdə kiminsə qızı, qadını, bacısı, ailə üzvü, yaxın qohumu evdən qaçırdısa, əxlaqsız hərəkət edirdisə, bütün nəsil başını yuxarı qaldıra bilmirdi. Xəcalət damğası başlarının üstündə olurdu. İndi isə belə  valideynlərin başı üstündə  qaçan qızlarının,gəlinlərinin şəkilləridir. Utanmadan  efirlərdə, mediada yayırlar ki,amanın günüdür,evə qayıt. Lənət şeytana,nə baş verir? Dünyanın sonumu yaxınlaşır? Bəlkə bir anlıq ehtirasa uyub qaçan analara Ə.Məmmədxanlının “Buz heykəl”ni,  onların valideynlərinə İ.Şıxlının “Dəli Kür”ünü oxudaq?

…Bu qaçışların günahını tək qadınların üzərinə yıxmaq fikrindən də uzağam.Əgər kişi qorduğu ailənin maddi tələbatını ödəmək iqtidarında deyilsə, bütün günü veyillənib siqaret, cib xərcliyini də qadından istəyirsə, lap elə maddi durumu əla olsa da, həyat yoldaşını nəzarətsiz buraxırsa, belə faciələr qaçılmaz olacaq. Cəmiyyətin qınağı da burada önəmli rol oynaya bilər.

Və sonda. Çox sevdiyim bir deyimi xatırlamaq istəyirəm-uşaqlar ALLAH-TƏALANIN  valideynlərə əmanətidir.O əmanətə xəyanətsə, günahların ən böyüyüdür… Bu əmanətin məsuliyyətisə hər iki valideynin çiynindədir!

Esmira İsmayılova-Lənkəran

Gununsesi.info