Valyutadəyişmə məntəqələri açmaq istəyənlər üçün şərtlər açıqlandı

  • By admin
  • 22 May 2017 09:56

151230163702_baku_exchange_bbc_624x351_bbc_nocredit(1)

Manatın kəskin devalvasiyasından sonra dollara olan tələbatı tənzimləmək üçün Azərbaycan Mərkəzi Bank tərəfindən valyutadəyişmə məntəqələrinin fəaliyyəti dayandırıldı. Bu bazara yalnız banklar vasitəsilə nəzarət edilməsi qərarı verildi. Lakin bu məhdudlaşma “qara bazarı”n inkişafına təkanverici vasitə oldu. Nəticədə xarici valyutaya olan tələbatın böyük bir hissəsi “qara bazar” tərəfindən ödənildi. 

Nəhayət iki ildən sonra sözügedən məhdudlaşma aradan qaldırılır. Lakin bu dəfə “Valyuta tənzimi haqqında” Qanuna edilən dəyişiklik əsasında valyutadəyişmə məntəqəsinə sahib olmaq istəyənlər üçün yeni şərtlər müəyyənləşib.  Yeni qanuna görə bu məntəqələrin fəaliyyətinin bərpa edilməsi üçün nələrə ehtiyac var və kimlər sahib ola bilər?

Gununsesi.info xəbər verir ki,  İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov facebook səhifəsində adıçəkilən qanunu şərh edib. İqtisadçının şərhinə görə, “Valyuta tənzimi haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, artıq fiziki şəxslər də valyutadəyişmə məntəqəsi sahibi ola bilərlər: “Bunun üçün girov da tələb edilir. Belə ki, qanunvericiliyə əsasən, girov vəsaitinin məbləği məntəqənin yerləşdiyi yerdən asılı olaraq dəyişir. Əgər məntəqə Bakıda fəaliyyət göstərəcəksə, o zaman 50 000 manat və 50 000 dollar girova ehtiyac olacaq. Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində valyuta dəyişmə məntəqələrinə sahib olmaq istəyənlət 25 000 manat və 25 000 dollar ödəməli olacaq. Digər bölgələrdə bu işi həyata keçirmək istəyənlər isə girov formasında 10 000 manat və 10 000 dollar ödəməlidirlər. Qeyd edim ki, girov passiv vəsait kimi təqdim edilir və bu rüsum kimi qəbul edilməməlidir”.

axar.az13959899931390590554_vuqar_bayramov

Valyutadəyişmə məntəqəsinə sahib olmaq istəyən şəxs lisenziyaya sahib olmalıdır. V.Bayramov qeyd edir ki, bunun üçün şəxs Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etməlidir: “Bu zaman ərizə ilə yanaşı, ərizəçinin rezident hüquqi şəxs (qeyri-rezident hüquqi şəxsin filialı olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın) sənədinin surəti, ərizəçi rezident fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti, ərizəçinin vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınması barədə şəhadətnamənin surəti, ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti, rezident hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti, Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergilərlə bağlı dövlət büdcəsinə borcu və digər öhdəliyi (Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada borcun ödənilməsinə möhlət verilməsi və (və ya) vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin dəyişdirilməsi halları istisna olmaqla) olmaması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış, təsisçinin (təsisçilərin) iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məhkumluğunun olmaması haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış, girov məbləğinin ödənilməsi barədə bank sənədi də təsdiq edilməlidir.

Qanunvericiliyə əsasən, ərizə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul edilir və həmin gün qeydiyyata alınır. Palata ən geci 3 iş günü müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməlidir. Qanunvericiliyə əsasən, bütün çatışmazlıqlar, eyni zamanda, ərizəçiyə bildirilməlidir. Əgər çatışmazlıq aşkar edilərsə, o zaman ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır.

Qanunvericilikdə eyni zamand lisenziyanın forması və hansı məlumatların orada əks olunması məsələləri də öz əksini tapıb”.

Vüsalə

Gununsesi.info