ƏƏSMN-da nöqsanlar: Pensiyalar artıq hesablanıb

  • By admin
  • 10 Fevral 2022 13:34

2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumlarında pensiya, sosial təminat və təqaüd işləri üzrə pensiya, təqaüd və müavinətlərin artıq hesablanması və ödənilməsi halları aşkarlanıb.

Bu barədə Gununsesi.info-ya Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətindən məlumat verilib.

Bildirilib ki, Maliyyə Nəzarəti Xidməti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Aparatında və onun tabeliyində olan 28 qurumda əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, müharibə veteranlarının və şəhid ailələrinin sanator-kurort müəssisələrinə göndərilməsi üçün köçürülmüş vəsaitin bir hissəsinin həmin müəssisələrin rəhbərləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq rəhbər işçilərinə qaytarılması, sosial obyektlərin və imtiyazlı şəxslərə fərdi yaşayış evlərinin tikintisində işlərin həcmlərinin artırılması yolu ilə podratçı təşkilatlara artıq vəsaitin ödənilməsi, Nazirliyin müvafiq qurumları tərəfindən tətbiq edilən böyük məbləğdə inzibati cərimələrin ödənilməsinin təmin edilməməsi, struktur bölmələr tərəfindən təyin olunmuş pensiya, sosial təminat və təqaüd işləri üzrə pensiya, təqaüd və müavinətlərin artıq hesablanması və ödənilməsi halları aşkar olunub.

Həmçinin, pensiya, müavinət və təqaüd alan şəxslərin vəfat etdiyi halda onların adlarına ödənişlərin uzun müddət davam etdirilməsi, xeyli sayda şəxsə eyni dövr üçün həm əlilliyə, həm də ailə başçısını itirməsinə görə müavinət və əmək pensiyalarının ödənilməsi, pensiya təyinatı aparılarkən iş stajının bilərəkdən artıq göstərilməsi, işsizlik müavinətlərinin hesablanması qaydalarının pozulması və müavinət təyin olunmuş həmin şəxslərin bundan xəbərsiz olmaları, çoxlu sayda vətəndaşa işsizlik müavinətinin verilməsi kimi nöqsanlar aşkar olunmaqla xeyli məbləğdə vəsaitin təyinatından yayındırıldığı müəyyən edilib.

Hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və digər təşkilatlarda bu cür hallara yol verilməsinin qarşısının alınması məqsədilə, habelə təqsirkar vəzifəli şəxslər barədə tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyətlərinə, müvafiq yerli icra hakimiyyətlərinə və maliyyə orqanlarına məktublar göndərilib.

Nəzarət tədbirləri üzrə artıq və əsassız ödənilmiş vəsaitləri məsul vəzifəli şəxslər dövlət büdcəsinə ödəyərək bərpa edilmiş, prokurorluq və hüquq-mühafizə orqanlarının qərarlarına əsasən aparılan nəzarət tədbirləri ilə aşkar edilən artıq və əsassız ödənişlərin bir hissəsi ibtidai istintaq zamanı təqsirkar şəxslərin nağd qaydada dövlət büdcəsinə ödəməklə bərpa edilmiş, qalan hissəsinin bərpası isə məhkəmə qərarlarına əsasən, təqsirkar şəxslərin əmlaklarına yönəldilməklə hazırda davam etdirilir.

Gununsesi.info