
“Banklar iqtisadiyyatın qan–damar sistemidir. Qan–damar sistemi yaxşı işləməyən insanın sağlam həyat fəaliyyəti mümkün olmadığı kimi, bankların da sağlam olmadığı şəraitdə iqtisadiyyat səmərəli fəaliyyət göstərə bilməz. Hazırkı şəraitdə problemli kreditlər,xüsusən də dollarla olan kreditlər məsələsini optimal həll etmədən bank sistemini sağlamlaşdırmaq, bank sistemini sağlaşlaşdırmadan əhalini borc tələsindən qurtarıb milyonlarla insanın güzaranını yaxşılaşdırmaq və iqtisadiyyatı yüksək səviyyədə inkişaf etdirmk mümkün olmayacaq. Ona görə də bu problemlə qarşılaşan Rusiya da, digər ölkələr də xarici valyutada olan kreditlər probleminin çözülməsi istiqamətində real addımlar atıblar və hətta problemli kreditlərinin bir qısminin silinməsi barədə qərarlar da qəbul ediblər. Amma çox təəssüf ki, Azərbaycanda aidiyyatı qurumlar xarici valyutada olan problemli kreditlərlə bağlı real nəticəsi görünən heç bir iş görmədiyindən vəziyyət getdikcə pisləşir”.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Əli Məsimli problemli kreditlərdən çıxış yolu ilə bağlı mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, problemli kreditlətin ümumi məbləği təhlükəli hesab olunan “qırmızı xəttə” çatıb. “Hökumət dollarla olan kreditlər problemin həllini dondurmaq siyasəti yeritməklə əslində həm də hər gün, hər həftə, hər ay özünün də bu problemi həll etmək şansını da itirməkdədir…. Vəziyyətin yaxşılaşdırılması istiqamətində real nəticələri olan addımlar atılmasa, maliyyə bazarları və bank sisteminin problemləri daha da qəlizləşəcək. Bu isə iqtisadiyatımızda əlavə ciddi problemlər yaradacaq. Belə vəziyyət əhaliyə və banklara da çox mənfi təsir göstərir. Bu, ölkədə iqtisadi fəallığın artması qarısında maneyə çevrilib. Kredit qoyuluşları azalır. Ona görə də bank sistemini çətin vəziyyətindən çıxarmaq və əhalini borc tələsindən qurtarmaqdan ötrü hökumət problemli kreditlər, xüsusən də dollarla olan kreditlər probleminin həllini sürətləndirməlidir. Aidiyyatı qurumlar tərəfindən problemli kreditlərlə bağlı hər hansı addımın atılacağı barədə qaneedici bir fikir söylənilmir”- deyə, millət vəkili vurğualyıb.
Ə.Məsimli əlavə edib ki, bir qisim mütəxəssis güzəştlərin olacağını, digər qisim isə problemli kreditlərin silinmsi istiqamətində addımlar atılacağını deyir. “Biz isə hesab edirik ki, bu problemin həllində hər iki variant, yəni güzəşt də, silinmə variantı da zəruridir”.
Millət vəkili hökumətə təklif edir ki, devalvasiya nəticəsində borcunu əvvəlki qaydada ödəyə bilməyən şəxslərə güzəştlər tətbiq edilsin: “Məsələn, 5 min,imkan varsa 10 min dollara qədər olan kreditlərin 1,05 manat kursu ilə qaytarmalıdır. Eyni zamanda araşdırma aparılaraq borcunu ödəmək iqtidarında olmayan şəxslərin borcları silinsin. Fiziki şəxslərin müflisləşməsi haqqında qanun qəbul edilməli və buna əsasən şəhid ailələrı, kimsəsizlər, aşağı pensiya alan pensiyaçılar, krediti qaytarmaq üçün bütün imkanları tükənmiş yoxsul insanların aldıqları kreditlərin isə məhkəmə yolu ilə müflisləşmə mexanizmi vasitəsilə bağışlansın. Yəni dollarla olan kredit probleminin ağırlığı dövlət, Mərkəzi Bank, kommersiya bankları və əhali arasında dörd yerə bölünsün ki,heç bir tərəfə ağırlıq düşməsin. Əvəzində dövlətin banklara birbaşa və dolayısı ilə dəstək verməsi, bu əsasda bankların fəaliyyətinin normallaşdırılması istiqamətində zəruri işlər aparılsın”.
Ə.Məsimli hökumətin problemli kreditlərlə bağlı addımlar atacağına ümidvar olduğunu dilə gətirib. O deyib ki, hələ bir müddət öncə Milli Məclisin ilclasında parlamentin spikeri Oqtay Əsədov problemli kreditlərlə bağlı məsələ diqqət mərkəzindədir və bu istiqamətdə iş aparılır. “Əgər Milli Məclisin sədri səviyyəsində belə bir fikir bildirilibsə, deməli prezident seçkilərindən sonra problemli kreditlərə bağlı əhalinin çoxdan gözlədiyi addımların atılması gözləniləndir. Bunun problemli kreditlər ətrafında yaranmış duruma nə qədər adekvat olacağı isə həmin sahədə görüləcək konkret qərarlar və real işlərdən asılı olacaq”- deyə, deputat bildirib.
Mürtəza
Gununsesi.info










