Əhalini susuz qoyanlara qarşı əməliyyat

  • By admin
  • 15 Avqust 2022 13:30

Regionlarda torpaq istifadəçilərinin suvarma suyu ilə təminatını qanunsuz məhdudlaşdıran vəzifəli şəxslər barəsində cinayət işləri başlanmışdır. 

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Gununsesi.info-ya daxil olan məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərlə Şəmkir rayon icra hakimiyyəti başçısının Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi -“Acı arx” Sudan İstifadəedənlər Birliyinin İdarə heyətinin sədri Elçin Abbasov saxlanılıb.

E.Abbasovun 2021-2022-ci illərdə vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar həmin qəsəbə ərazisində yaşayan ayrı-ayrı şəxslərdən istifadələrində olan əkin sahələrinin suvarılması üçün kütləvi şəkildə hər hektar torpaq sahəsinə görə 500 manat olmaqla müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində alması bildirlir.

Bundan əlavə icra nümayəndəsinin torpaq istifadəçilərinə suvarma üçün suyun verilməsini qismən həyata keçirməklə təsərrüfatlara qəsdən ziyan vurmasına əsaslı şübhələr müəyyən edildiyi vurğulanır.

Bundan irəli gələrək ilkin sübutlar əsasında Elçin Abbasova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Bundan başqa eyni xarakterli əməllərə görə torpaq istifadəçilərindən pul vəsaitinin alınması və təsərrüfatlara ziyan vurulması xüsusatları üzrə Neftçala rayon “Bərəkət”, “Qaravəlli” və digər sudan istifadə edənlər birliklərinin, habelə Neftçala Suvarma Sistemləri idarəsinin vəzifəli şəxsləri barəsində də cinayət işi başlanmışdır.

Hazırda hər iki cinayət işi üzrə təqsirləndirilən şəxslərin, onların əlbir olduğu digər şəxslərin və zərərçəkmişlərin dəqiq dairəsinin, habelə təsərrüfatlara vurulmuş ziyan məbləğinin müəyyən olunması istiqamətində istintaq davam etdirilir.