Bu ilin yanvar-may aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3 mlrd 139,3 mln manat vergi daxil olub, proqnoza 110,1% səviyyəsində əməl edilib.
Vergilər Nazirliyindən Gununsesi.org-a daxil olan məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 8,3% və ya 239,9 mln manat artıb.
Dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, gəlirlərin bəyanetmə səviyyəsinin yüksəlməsi, könüllü bəyanetmənin əhəmiyyətli dərəcədə qalxması, habelə vergi inzibatçılığında islahatlar, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən artım templəri həm tədiyyə növləri üzrə, həm də qeyri-neft-qaz sektorunun əksər sektorlarında vergi daxilolmalarının artımına səbəb olub.
Əsas vergilər üzrə cəmi vergi daxilolmalarında ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur. ƏDV üzrə göstərici 24,9%-dən 25,3%-ə, o cümlədən qeyri-neft-qaz sektorunda 31,4%-dən 32%-ə, aksiz vergisi üzrə göstərici 7,1%-dən 7,4%-ə, o cümlədən qeyri-neft-qaz sektorunda 0,4%-dən 1,8%-ə, mənfəət vergisi üzrə göstərici 36,4%-dən 38,2%-ə, o cümlədən qeyri-neft-qaz sektorunda 25,7%-dən 29,6%-ə qalxıb.
Bu ilin 5 ayında qeyri-neft-qaz sektorunun bütün fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib. Daxilolmalarda ən yüksək artım templəri bank və sığorta sektorunda (48,4%), rabitə sahəsində (40,6%), nəqliyyat sahəsində (26,1%), xidmət sektorunda (22,6%), ticarət sahəsində (13,3%), o cümlədən pərakəndə ticarətdə (32,4%), tikinti sahəsində (9,6%), digər fəaliyyət sahələrində (25,6%) qeydə alınıb.
Gununsesi.org