“Ərdoğanla Tramp anlaşa bilməyib” - FUAD BABAYEV

  • Müəllif: admin
  • 17 May 2017 14:42

fuad babayev

“Görünən odur ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonda ABŞ prezidenti Donald Trampla reallaşan görüşü zamanı danışıqlar istənilən nəticəni verməyib”.

Bunu Gununsesi.info-ya açıqlamasına Siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev deyib.

Onun sözlərinə görə, Türkiyə liderinin ABŞ səfəri və prezident Trampla 20 dəqiqə sürən görüşü ilə bağlı çox danışılacaq. “Düşünürəm ki, bu səfərin dəyərləndirilməsi, nəticələr çıxarılması üçün bir qədər tezdir. Görüş pozitiv ruhda keçib. Əsasən rəmzi əhəmiyyət kəsb edən görüş üçün zahiri pozitivlik əsas parametrdir”- deyə, F.Babayev vurğulayıb.

F.Babayev deyib ki, Vaşinqton və Ankaranın Suriyada baş verənlərə fərqli yanaşma nümayiş etdirdikləri sirr deyil: “Görünən budur ki, iki ölkənin lideri arasında keçirilən danışıqlarda mövqelər hər halda hiss olunacaq dərəcədə yaxınlaşmayıb. Bu isə danışıqların yekunu ilə bağlı açıqlamalarda hiss olunacaq dərəcədə özünü biruzə verib”.

ÜAK-ın bağlanmasına gəldikdə isə F.Babayev bildirib ki, bu gün Ümumrusiya Azərbaycanlıları Konqresi prezidentinin Rusiya Ali Məhkəməsinin məlum qərarı ilə bağlı bəyanatını oxuyub: “Bəyanatda qeyd edilir ki, diaspor təşkilatı Ali Məhkəmənin qərarını tamamilə rədd edir. Bəyanatda Rusiya Federasiyasının ali məhkəmə instansiyalarının təşkilatın dəlillərini və narahatlığını anlayışla qarşılayacağına ümid də ifadə olunur. Bu hadisə Rusiya-Azərbaycan münasibətləri üçün yaxşı heç nə vəd etmir. Doğrudur, düşünürəm ki, Bakı-Moskva arasında münasibətlərin keyfiyyətlilik əmsalının kifayət qədər böyük olması çox ciddi problemlərin yaşanmasına imkan verməyəcək”.

Mürtəza

Gununsesi.info