“Ərik ölkəsi”nin yetirməsi cəzalandırılmalıdır – İlyas Hüseynov

  • By admin
  • 30 Noyabr 2021 12:56

“Ermənistanda ksenofobiya və irqi ayrı-seçkilik ən yüksək səviyyədədir. Müstəqillik əldə etdikdən sonra monoetnik dövlət quran Ermənistanda digər xalqın nümayəndələrinə yuxarıdan aşağı baxmaqla yanaşı, faşizmə xas olan mövqe nümayiş etdirilir. Müxalifəti təmsil edən “Erkir tsirani” (Ərik ölkəsi) partiyasının rəhbəri, eks-deputat Zaruhi Postancyan yenidən radikal fikirləri ilə gündəmə gəlib. Postancyan daha öncə baş nazir Nikol Paşinyanı xain və satqın adlandırmış və onun Ermənistanın yarısını verməyə hazırlaşdığını bildirmişdi. Postancyanın adı isə 4 cinayət işində hallanır, bunlardan biri konkret olaraq Nikol Paşinyanla bağlıdır”.

Gununsesi.info xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi İlyas Hüseynov bildirib.

O xatırladıb ki, 5 avqust 2021-ci ildə gecə saat 03:00 radələrində İrəvanın Arabkir inzibati rayonunda “Ərik ölkəsi” partiyasının lideri Zaruhi Postancyanın ərinin “Mercedes” markalı avtomobilini yandırıblar. Siyasi şərhçinin sözlərinə görə, partiya rəhbəri müxalif mövqeyini və daim hazırkı hakimiyyətin tənqid edilməsi ilə çıxış etdiyini nəzərə alaraq, bunda sui-qəsd gördüyünü söyləyib: “Hakimiyyəti tənqid etməklə hər zaman Ermənistanda sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən Zaruhi Postancyanın sonuncu çıxışı heç bir hədd tanımır. O, türklərə qarşı qeyri-etik ifadələr səsləndirib, təhqiramiz fikirlər dilə gətirib. Ermənistanda ksenofobiyanın müxtəlif təzahürləri mövcuddur və bu hal bütün sosial qatlarda müşahidə olunur. Ermənistanda dini, irqi, milli dözümsüzlük ən yüksək həddədir. Postancyan hər kəsdə düşmən qoxusu axtarmaq əvəzinə, qonşularla normal münasibətlər qurmağın yollarını tapmalıdır”.

İlyas Hüseynov deyib ki, Zaruhi Postancyan növbəti dəfə milli mənsubiyyətindən doğan nasist xislətini göstərməklə Ermənistanda Azərbaycanofobiya və türkofobiyanın geniş yayıldığını nümayiş etdirib: “Türklərə qarşı irqçi ifadələr işlədilməsi Azərbaycana və Türkiyəyə kifayət qədər geniş arqument verir ki, Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunsun. Ermənistanda nifrət nitqi ilə bağlı növbəti dinləmələr məhz “Erkir tsirani” partiyasının rəhbəri, eks-deputat Zaruhi Postancyanın fikirləri haqqında keçirilə bilər. Ermənistanın nasizmin qəhrəmanlaşdırılmasına qarşı qətnaməyə qoşulmasına baxmayaraq, biz qətnamənin müddəasının icrasını görmürük. Bu ölkədə Qaregin Njde kultu mövcuddur – bu şəxsə abidələr ucaldılır, küçələr onun adını daşıyır. Təəssüf ki, Ermənistanda ksenofobiyanın təzahür formaları nasizmin qəhrəmanlaşdırılması ilə müqayisədə daha genişdir. Ermənistan terrorçuların qəhrəmanlaşdırılmasını davam etdirir, eləcə də açıq antisemitizm nümayiş olunur. Bunun ən aydın göstəricisi beynəlxalq terrorçu Monte Melkonyanın Ermənistanın milli qəhrəmanı olmasıdır. 2021-ci ilin fevral ayında Holokost abidəsi təhqir edilib və təsadüfi deyil ki, İsrailin Diaspor İşləri üzrə Nazirliyinin 2021-ci ilə dair hesabatında Ermənistan antisemitizmin ən yüksək səviyyədə olduğu ölkə kimi göstərilib. Digər tərəfdən, 2021-ci ilin aprel ayında İrəvanda Mahatma Qandinin abidəsinə qarşı dəfələrlə vandalizm aktı törədilib və abidə yandırılıb. Bu, ksenofobiya probleminin Ermənistan cəmiyyətində nə qədər dərin yer tutduğundan xəbər verir”.

Tarixə istinad edən siyasi şərhçi əlavə edib ki, “Ərik ölkəsi”nin yetirməsi olan partiya sədri hələ də Osvensim reallıqları ilə yaşayır: “Bu kontekstdə onu da əlavə edək ki, Auşvits düşərgə kompleksi 1940-cı ilin aprelində Polşada nasistlər tərəfindən yaradılıb və 3 düşərgəni özündə birləşdirib: Auşvits-1, Auşvits-2 (Birkenau) və Auşvits-3. 2 il ərzində məhbusların sayı 13 mindən 16 minə qədər dəyişdi və 1942-ci ilə qədər 20 minə çatdı. 1 400 000-ə yaxın insanın ölümünə səbəb olan məşhur nasist Osvensim konsentrasiya düşərgəsində əsirlərin yandırılması zamanı dözülməz üfunət qoxusu meydana gəlirdi. Almanlar məhbusların əlləri ilə krematorium tikir, lakin aramsız qışqırıqlar və dəhşətli qoxu Osvensimdə adi hala çevrilirdi. Görünür, “Ərik ölkəsi”nin yetirməsi olan partiya sədri hələ də Osvensim reallıqları ilə yaşayır və onun mütləq şəkildə cəzalandırılması həyata keçirilməlidir. Bu cür çağırışlar neofaşizmin Ermənistanda dərin təməllər üzərində dayandığının əyani təzahürüdür”.

İ.Hüseynov Ermənistanda milli nifrət ideologiyasının əsaslı izlər buraxmasının fəlsəfəsinə də nəzər salıb: “Türklərə qarşı düşmənçilik ideologiyasının permanent xarakter alması artıq bir xəstəlik kimi ermənilərin şüuruna hopub. Qaregin Njde “Mənim kredom” əlyazmasındakı: “Türk ilə mübarizə aparmadan bir gün belə olmamalıdır” (Krasnodarda dərc olunan “Yerkramas” qəzetinin manşetində dərc olunur) fikirləri bu gün Ermənistanda milli ideologiya səviyyəsindədir. Bu fikirlər Adolf Hitlerin “Mayn kampf” əlyazmasında olan düşüncələrlə oxşarlıq təşkil edir. “Dənizdən dənizə Ermənistan” qurmaq xəyalı ilə radikal “Daşnaksütyun”, “Sasna Tsrer”, “Voma” kimi təşkilatlar ölkədəki gənclərin beyinlərini yuyur, diaspordan, “Hayastan” fondundan, “Anka”dan və çoxsaylı kilsələrdən milyardlarla vəsait cəlb edir və ancaq destruktiv meyillərə, düşmənçiliyi təşviq etməyə xərcləyirlər”.

Siyasi şərhçi bildirib ki, millətçilik və onun fəallaşması millətin tənəzzülünün əlamətidir, onun ideologiyasının böhranıdır: “Monomillətçilik dünyada olan hər bir xalq üçün faciədir, onun bir xalq kimi gələcək inkişafına, dövlətçiliyinin formalaşmasına təsir göstərir. Praktikanın elmi nəzəriyyəni təsdiq etdiyi Ermənistanda isə bu amil erməni dövlətçiliyinin real deqradasiyasına, suverenliyinin itirilməsinə gətirib çıxarır. Ermənistanda qələbə qazanan millətçilik meyilləri qanqren kimi milləti içindən aşındırır və ölkəni kiçik bir coğrafi nöqtəyə çevirir. Bu təhlükəli nöqtədən milli qürur hissini, doğma yurd sevgisini unudaraq dünyaya səpələnən erməni xalqı milli ləyaqət və erməni tanrısına inam haqqında düşünməyərək yalnız düşmənçilik ruhunda övladlarını böyüdür və bu təhlükəli tendensiya bir-birini əvəzləyir”.

Gununsesi.info