Ərinin ölümündə təqsirləndirilən qadın azadlığa buraxıldı

  • By admin
  • 17 Noyabr 2017 16:10

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Günər Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, onun ittiham olunduğu 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddə 124.1. (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif olunub.

G. Mirzəyeva 1 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. O, həmin müddəti istintaq təcridxanasında başa vurduğu üçün məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, ötən il noyabrın 5-də Maştağa qəsəbəsindəki fərdi yaşayış evində 26 yaşlı Günər Mirzəyeva həyat yoldaşı, 32 yaşlı Şəmsi Babayevi bıçaqlayıb. Ş. Babayev aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.

Gununsesi.info