Əsgər ölümü xəbərləri niyə mediadan saxlanılır? - NAZİR MÜAVİNİ KİV RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞDƏ BU SUALA CAVAB VERDİ

  • By admin
  • 14 Fevral 2018 11:08

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində ölkənin nüfuzlu KİV rəhbərləri ilə Nazirlik rəsmilərinin görüşü baş tutub.

Gününsesi.info-nun məlumatına görə, General leytenant Kərim Vəliyev KİV-lə əməkdaşlıqlarına verdiyi önəmdən danışıb: “’Qarşılıqlı əməkdaşlıq milli maraqlar üçün ciddi əhəmiyyət kəsb edir. Artıq xəbərlər dəqiqləşdirilməmiş yayılmır ki, bu da Nazirlik və jurnalistlər arasında yaranan etibar və dostluq münasibətlərinin bəhrəsidir”.

Mətbuat şurasının sədri Əflatun Amaşov da bu əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib: ” Jurnalistlərin məqsədəuyğun olmayan  informasiyanı yaymaması üçün, mətbuat xidməti maneəsiz ilə iş birliyində olmalıdır. Bu baxımdan Müdafiə Nazirliyinin mətbuat xidmətinin işini yüksək qiymətləndiririk”.

Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev isə  tənqidi çıxışı ilə diqqəti çəkdi. Onun sözlərinə görə,  informasiya müharibəsində biz ermənilərə uduzuruq: “Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti daha müstəqildir, davamlı bəyanatlar verir. Hər gün sosial şəbəkələrdə bəyanatları ilə gözə girir. Ancaq biz mənzərə belədir. Zəng vurub, Vaqif Dərgahlıdan məlumat almaq istəyəndə, ‘’Gözləyin, rəhbərliklə məsləhətləşim’’ deyir. İnformasiya ötürülməsində hər dəqiqə qiymətlidir. Biz isə gözləməyə vaxt itiririk”.

APA İnformasiya Agentliyinin rəhbəri Vüsalə Mahirqızı da ordu ilə bağlı xəbərlərin gecikdiyini qeyd edib.

Digər tədbir iştirakçıları əsgər ölümləri haqqında faktların mediadan gizlədilməsi faktını gündəmə gətirdi. Buna cavab olaraq, nazir müavini bunun əsaslı bir səbəbinin olduğunu vurğulayıb. ‘’Bu informasiyanın dərhal ötürülməməsində səbəb- əsgərin hansı şəraitdə rəhmətə getməsini dəqiqləşdirməkdir. Axı hər əsgərliyə gedən şəhid olmur, bəlkə hər hansı bədbəxt hadisənin qurbanı olub…’’

Gününsesi.info