10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə sözardı - PƏRVİZ HƏŞİMLİ YAZIR

  • By admin
  • 10 Dekabr 2023 01:31

10 Dekabr-Ümumdünya İnsan Hüquqları Günüdür. 

Azərbaycan 2001-ci ildən Avropa Şurasına rəsmən üzv qəbul olunduqdan sonra müasir dövlətlərin xalqları kimi bizlər də 10 Dekabrın əhəmiyyətinə vardıq.  

Baxmayaraq ki, 1995-ci ildə qəbul etdiyimiz Konstitusiyamıza “hüquqi”, “demokratik” və “dünyəvi” dövlət sözü yazılmışdı. Amma Avropa Şurasına üzvlüyümüzdən və Avropa İnsan Hüquqları Konvensiyasına qoşulmağımızdan sonra  qanunvericilik bazamız Avropa standartlarına uyğunlaşdırıldı.

O dövrdə 700-dək siyasi məhbus problemi həllini tapdı.

Avropa Şurası qarşısındakı 14 öhdəliyə uyğun olaraq ölkədə insan hüquq və əsas azadlıqlarına təminat verən  ciddi qanunvericilik bazası yaradıldı.

Ötən illər ərzində Azərbaycanda insan hüquqlarının təşviqi üçün Avropa Şurası, Avropa Komissiyası və ABŞ hökuməti tərəfindən yüz milyonlarla vəsait xərcləndi.

Bu vəsaitlərin əksəriyyəti Ədliyyə Nazirliyi, Baş Prokurorluq vasitəsi ilə layihələrə sərf olundu.

Düzdür, Azərbaycanın məhkəmə-hüquq sistemində köklü islahatlar olmadı. Amma yenə də bir sıra nailiyyətlər əldə edildi.

Sirr deyil ki, ötən illər ərzində  insan haqları sahəsində ağır dönəmlər yaşamışıq.

Bu sətirlərin müəllifi olaraq, bəndəniz də Azərbaycanın məhkəmə-hüquq sisteminin amansız münasibəti ilə üzləşdim.

Bir müddət əvvəl Azərbaycan dövləti siyasi məhbus problemini tamamilə həll etmişdi.

Sevinirdik…

O zaman Avropanın nüfuzlu media quruluşlarından birinin nümayəndəsi Prezident İlham Əliyevə siyasi məhbuslar haqqında sual verəndə ölkə başçısı böyük  əminliklə “bizdə siyasi məhbus yoxdur, birinin adını çəkin” deyə həmin jurnalistdən sübut istəmişdi.

Həqiqəqən də həmin dövrdə siyasi məhbus olmadığından avropalı jurnalist ad çəkə bilmədi.

Bu gün təəssüflər olsun ki, Azərbaycan bu problemi yenidən yaşayır.

Xüsusilə, son həbslər açıq-aşkar formada aparılır. Heç bir hüquqi norma gözlənilmir.

İndiki vəziyyətdə bu həbslərlə Azərbaycan sivil dünya ilə üz-üzə qoyulub.

Çoxları kimi mən də düşünürəm. Axı, bu həbslər nəyə lazımdır?

Axı, mövcud hakimiyyətin mövqeyi Azərbaycanın ərazi bütövlüyü bərpa olunandan sonra xalq arasında ciddi şəkildə möhkəmlənib. 

Bu gün hakimiyyət üçün real daxili təhlükə yoxdur.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc da mediaya müsahibəsində həbs edilən jurnalistlərin auditoriyasının o  qədər də böyük olmadığını demişdi.

Artıq “Qarabağ boyda dərdimiz var” deyə bir gündəmimiz də qalmadığından növbədə ölkənin qüdrətli gələcəyi üçün demokratik islahatlar olmalı idi.

Təəssüf ki, əksini görürük.

Mövcud vəziyyətdə günahkar tərəflərdən biri də Avropa İttifaqı və bu quruma üzv olan bəzi dövlətlər oldu. 

Xankəndindən ermənilərin könüllü köçü onlara qarşı etniktəmizləmə kimi qiymətləndirildi. Açıq -aşkar Azərbaycan hədəfə alındı.

Azərbaycan hakimiyyətini qəzəbləndirən amillərdən də biri bu olması sirr deyil.

Etiraf edək ki, Qarabağda son yaşananlara qeyri-obyektiv mövqeyi Avropa strukturlarının indiyədək insan  haqları sahəsində göstərdiyi səylərə ciddi zərbə vurmuş oldu.

Mövcud yaşananlar nə dərəcədə acı olsa da insan hüquq və əsas azadlıqlarından məhrum ediləcəyimizə inanmıram.

Elə bəyannamədə yazıldığı kimi “İnsan hüquqları verilə bilməz, çünki onlar hər bir insana məxsudur”.

Bir gün o hüquqlarımız da tanınacaq və təmin ediləcək.

Ancaq günahsız yerə həbsxana həyatı yaşayanların pozulmuş düzəni  və  əldən getmiş sağlamlığı əvvəlki kimi olmayacaq.

İnsan Hüquqları Gününüz mübarək!

Pərviz Həşimli

Gununsesi.info