“19 manata satılan kərə yağı 10 manata başa gəlir” - RÖVŞƏN AĞAYEV

  • By admin
  • 05 Oktyabr 2017 15:55
Maslo-1200H7901-1024x674
Son günlər qida məhsullarının, xüsusən də yağın qiymətinin kəskin bahalaşması əhalidə ciddi narazılığa səbəb olub. Belə ki, yağın satışının ölkəyə idxal olunduğundan qat-qat baha satılması məsuliyyətindən boyun qaçıran Dövlət Gömrük Komitəsi bəyan edib ki, yağ ölkəyə 4 dollar civarında idxal edilir. Gömrük  Komitəsi bununla da məsuliyyəti digər qurumların üzərinə ataraq, bahalaşmanın onlara aidiyyatı olmadığını bildirirlər.
rovsen
Yaranmış vəziyyətlə bağlı iqtisadçı ekspert Rövşən Ağayevə müraciət etdik.
Gununsesi.info-ya açıqlamasında Rövşən Ağayev ilk olaraq qida məhsullarının bahalaşmasını obyektiv səbəb kimi son iki ildə devalvasiya nəticəsində dolların kəskin surətdə bahalaşması ilə əlaqələndirib.
“Azərbaycanın qida bazarı idxalatdan asılı olduğundan qida məhsullarının bahalaşması qarşısıalınmaz bir prosesə çevrilib. Bu bahalaşmanın obyektiv səbəblərindən biridir”- deyə, o, vurğulayıb.
Yağın qiymətinin kəskin surətdə bahalaşmasına gəldikdə isə ekspert bildirib ki, bu kəskin bahalaşma çox ciddi məsələdir. “Bu bahalaşma azad bazar münasibətlərinə uyğun olmayan şəkildə kəskin surətdə bahalaşıb. Baxmayaraq ki, rəsmi qurumlar yağın ölkəyə 4 dollar civarında idxal olunduğu deyir və bu da təqribən 7-8 manat edir. Yağ gömrükdən idxal edilən zaman onun üzərinə ümumlikdə haradasa 40 faiz civarında müxtəlif formada vergi və rüsum qiyulur. Belə ki,  idxalat məhsulları siyasında yağ ƏDV-dən azad olunan məhsullar siyahısında deyil. Buna görə 18 faiz ödəyir. Bundan əlavə, 15 faiz gömrük rüsumu və digər rüsumlar ödəyir ki, bu da ümumikdə 40 faiz edir. Hansı ki, görük rüsumu da digər ölkələrlə müqayisədə çox böyükdür. Odur ki, bu rüsumlar yağın bahalaşmasını şərtləndirir. Bu faiz və rüsumlardan sonra yağın bir kiloqramı haradasa 10-11 manata idxalatçıya başa gəlir. Onun 18-20 manat arasında satılması yenə də bahadır. Bu, bazar prinsiplərinə uyğun olmayan prosesdir”- deyə, ekspert vurğulayıb.
 
Ekspert əlavə edib ki, Gömrük Komitəsinin ölkəyə idxalatçı şirkətlərin sayı ilə bağlı irəli sürdüyü fikirlər də, elə də ciddi arqumentlərə söykənmir: “Normal rəqabət mühiti olan ölkələrdə monopolistlər bazarda daha çox şirkətlə işləməkdə maraqlıdır. Çünki bazarda eyni sahə ilə məşğul olan şirkət nə qədər çox olarsa, monopolist  daha rahat formada vergidən yayına bilir. O baxımdan gömrük komitəsinin bununla bağlı səsləndirdiyi arqument elə də ciddi əsaslara söykənmir”. Onun fikrincə, bazarda yağ məhsullarının bahalaşmasına əsas səbəb monopoliyadır. “Bu monopolistlərin sayı az olduğundan daha rahat formada anlaşıb bazarda istənilən qiyməti formalaşdıra bilirlər. Əgər bazarda monopolist nə qədər çox olarsa və bir-birindən asılı olmazsa, o zaman qiymət bu qədər kəskin qalxa bilməz. Monopolistlərin sayı az olduğundan və bir-birindən asılı olduğundan onlar gizli qaydada daha rahat anlaşa bilirlər. Və bu da qiymət artımına öz  təsirini göstərir”- deyə, R.Ağayev vurğulayıb.
R.Ağayev onu da bildirib ki, Gürcüstan da Azərbaycan kimi yağ idxalatçısıdır və eyni qiymətə yağ idxal edir: “Ancaq Gürcüstanda yağ Azərbaycandan xeyli ucuzdur. Ona görə də Azərbaycan vətəndaşı bacardığı qədər özü üçün bu ölkədən yağ gətirməyə cəhd edir. Deməli, qiymətin baha olmasının əsas faktoru bazardakı monopoliyadır”. 
Mürtəza Bünyadlı
Gununsesi.info