3 May Türkçülük Gününün hekayəsi və Sabahattin Alinin “xəyanəti”

Müstəqil Azərbaycanda əksər tarixçilər və araşdırmaçıların ortaq bir mərəzi var – digər sosial elmlərlə bağlı akademik təhsil almağa və ya özlərini inkişaf etdirməyə maraq göstərməyiblər. Nəticədə ortaya qoyduqları əsərlər nadir hallarda Azərbaycan məkanından kənara, ən yaxşı halda Türkiyə və keçmiş sovet ölkələri bazarına çıxa bilir. Daha da konkretləşdirək. Əgər siz 20-ci əsrin siyasi olaylarından bəhs edən araşdırmalar təqdim edirssizsə, həmin dövrün siyasi, fəlsəfi və mədəni cərəyanlarını da araşdırmalı, sosial-iqtisadi göstəricilərinə dair biliklərə malik olmalısız. Əfsus ki, bu cür natamam yanaşmalar nəticəsində çox vaxt ortaya tarixi araşdırmalar əvəzinə ədəbi və ya təbliğat xarakteri daşıyan əsərlər ortaya çıxır. Təbii ki, istisna sayılacaq az sayda tarixçilərimiz də var və çoxumuz onları tanıyırıq.

Belə bir giriş verməyimə səbəb isə dünən Yadigar Sadiqlinın facebookda yazdığı mətnlə bağlı müzakirədir. 3 May Türkçülük günü ilə bağlı adı keçən Hüseyn Nihal Atsız 90-cı illərin ortasında oxuduğum millətçi yazarlardandır. Onun oğluna vəsiyyət kimi təqdim edilən irqçi ruhlu mətnin həqiqətən də özünə aid olmasına dair birmənalı rəy yoxdur. Amma bu vəsiyyət olmasa da, Atsız irqçi fikirlərin yer aldığı xeyli sayda məqalənin müəllifidir. Bunu araşdırmaq istəyənlər, Atsızın arxiv yazılarını və çıxışları ilə tanış ola bilərlər.

Gələk, 3 May Türkçülük gününün siyasi hekayəsinə.

İsmət İnönü iqtidarı Faşist Almaniyası isə məsafəli münasibət saxlamağa çalışsa da, Avropada Hitlerin ardıcıl qələbələri sonrası Şükrü Saracoğlu hökuməti Hitlerlə yaxınlaşmağa isti yanaşırdı. Bu yaxınlaşma çərçivəsində Türkiyədki panturkist çevrələr dövlətin paternalist siyasəti nəticəsində təşkilatlanmağa başlamış, Faşist Almaniyasının sürətlə Şərqə doğru zəfərlər çaldığı dönəmdə turançılığı mədh edən simalar ortaya çıxmışdı. Atsız belə çevrələrin mediada ən populyar simalarından idi. Faşist Almaniyası Sovet ittifaqında məğlub olanadək, dövlətin siyasi dəstəyi türkçü-turançı çevrələrə artmış, solçular isə kütləvi şəkildə təqib olunurdu. Məsələn, solçu şair Nazim Hikmet ikinci dünya müharibəsinin sonunadək həbsdə saxlanmış, yalnız Sosialist İnsternasionalın davamlı tələblərindən sonra azadlığa buraxılmışdı.

Saracoğlu hökuməti faşistlərin məğlubiyyət xəbərləri gələndən sonra türk millətçilərinin fəallığını azaltmağa başladı. Belə bir dönəmdə Atsız yenə meydana çıxaraq, ölkədə türkçülərin himayədarı kimi tanınan baş nazir Şükrü Saraçoğluna dalbadal iki açıq məktub yazır. Məktubları açıq mənbələrdən əldə edə bilərsiz.

Şikayət dolu bu məktubdan Sovet dövrünün donosçuluğu qoxusu gəlir. Xeyli sayda tanınmış yazar, alim və məmuru kommunist olmaqda ittiham edir, türkçülüyün əldə getdiyini şikayət edirdi. İttiham etdiyi yazarlardan biri də Sebahettin Ali idi. Atsızın onu “vətən xaini” adlandırması, habelə haqqında təhqiramiz ifadələr işlətməsini əsas gətirərək, Səbahattin Ali və bir qrup yazar ondan məhkəməyə şikayət edir. İlk məhkəmə iclası 26 aprel 1944-cü ildə, ikincisi 3 mayda keçirilir. Ankarada keçirilən məhkəmə öncəsi Atsızı coşqu ilə qarşılayan tələbələr baş nazirlə görüşmək tələbi ilə yürüş edirlər. Aksiya polis gücü ilə dağıdılır, xeyli sayda şəxs həbs edilir. Türkçülük gününün hekayəsi bu aksiya və ona rəvac verən olaylar olur.

Hazırda Türkiyədəki etnik-turançı millətçiliyin başlanğıcı sayılan 1940-ci il olayları ilə bağlı iki mühüm faktoru izah etməkdə fayda var.

Birincisi, türk millətçiliyinin dövlətin himayədarlığı nəticəsində meydana çıxması və bu millətçilikdən solçulara qarşı daim istifadə olunmasına dair iddialardır. 12 Eylül 1980-ci il hərbi çevrilişindək türk millətçi qrupları, xüsusən də MHP-nin solçu qruplar və kürd faəllara qarşı müxtəlif siyasi məqəsdlər üçün istifadə olunmasına dair çeşidli iddialar var.

İkincisi, Atatürkün milli kimlik kimi təqdim etdiyi türklük millətçilərin sayəsində etnik rəng almağa başladı. Nəticədə 1950-ci illərdən başlayaraq, milli azlıqların etnik kimliklə bağlı çıxışlarının çoxalmasında müstəsna rol oynadı.

Sonda bir daha 3 may 1944-cü il olaylarına qayıdaraq, Nihal Atsızın vətən xaini kimi ittiham etdiyi Sebahattin Alidən bəhs edim. O müasir Türkiyə ədəbiyyatında realizmin banilərindən biri hesab edilir və ədəbi irsi xeyli sayda məşhur romançının ədəbi üslubunun formalaşmasında rol oynayıb.

Ali Atsızla çəkişməsindək siyasi motivlərlə həbsdə olmuşdu. Bu olaylardan sonra da yazıları və dərgiləri tənqidlərə məruz qalır, siyasi təqiblərlə üzləşir, bir neçə dəfə həbs edilir. Məsələn, Sırça Köşk adlı hekayəsi Nazirlər Kabinetinin qərarı ilə satışdan yığışdırılır. 1947-ci ildə ölkəni tərk etmək istəyir, amma pasport ala bilmir. 1948-ci ildə gizli yolla Bolqarıstana keçmək istəyərkən, Kirklarelində bir meşədə 41 yaşında müəmmalı şəkildə qətl edilir.

Geriyə miras olaraq, maraqlı romanlar, hekayələr və mahnılara bəstələnmiş şeirlər buraxır.

 

Anar Məmmədli

Gununsesi.info