4 milyardlıq investisiya yoxa çıxıb?

  • By admin
  • 06 Fevral 2017 14:10

nemet

“Sərmayə adına 4 milyard manata yaxın maliyyə vəsaitinin izi-tozu itib”.

Gununsesi.info bunu iqtisadçı-ekspert Nemət Əliyevə istinadən məlumat verir.

N.Əliyev bildirir ki, sərmayələrlə bağlı açıqlanan rəqəmlərdə uyğunsuzluq var: “Bu il yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı İlham Əliyev çıxışı zamanı açıq şəkildə bildirdi ki, “ölkə iqtisadiyyatına keçən il 11 milyard 700 milyon dollar sərmayə qoyulmuşdur”.”

Müşavirədən sonra, yanvarın 24-də Dövlət Statistika Komitəsi isə hesabat yayaraq təsdiq etdi ki, ölkə iqtisadiyyatına 2016-cı ildə cəmi 14,9 milyard manat məbləğində sərmayə yatırılıb. Hesabatda, hətta sərmayələrin yönəldiyi ümumi istiqamətlər də sadalanıb”.

İqtisadçıya görə, 14,9 milyard manatı təqribən 9,3 milyard dollar edir: “Beləliklə, arada 2,4 milyard dollar (11,7 – 9,3) və ya 3,84 milyard manat fərq yaranır.

Sual da bundadır ki, bəs dövlət başçısının haqqında danışdığı sərmayənin 2,4 milyard dolları haradadır? Hansı sahələrə sərmayə edilib?

Bir neçə milyardın konkret halda kimə və ya hansı təşkilata verilməsi məsələsinə aydınlıq gətirilməlidir. Maliyyə vəsaitlərinin xərclənməsinə dövlət nəzarətini həyata keçirən Maliyyə Nazirliyi milyardla ölçülən vəsaitlərin izinin yoxa çıxmasını sükutla qarşılaya bilməz və qarşılamamalıdır. Hesablama Palatası da bu məsələni yola verməli deyil. Çünki dərin iqtisadi böhran dövrünü yaşayan ölkəmizin indi o milyardlara çox ehtiyacı var”.

 Vüsalə Rüstəmova

Gununsesi.info