Lənkəranda 6 partlamamış tank əleyhinə mina aşkarlanıb

  • By admin
  • 17 Sentyabr 2016 11:25

anama

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri sentyabrın 16-da Lənkəran şəhərində dəniz sahilində bir təhlükəli əraziyə baxış keçiriblər. Baxış zamanı 6 partlamamış tank əleyhinə mina (5 ədəd TM-62P və 1 ədəd TM-62M) aşkar edilərək götürülüb. Gün ərzində 500 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-nın mətbuat xidmətindən Gununsesi.info-ya bildiriblər ki, ümumilikdə agentlik tərəfindən aprelin 7-dən sentyabrın 16-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 646 ev və həyətyanı sahəyə, 3 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 1 metal anbarına, 30 fermaya, əkin sahələrinə, 1 şərab zavoduna və 1 çınqıl karxanasına baxış olub. Nəticədə 3479 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 41 mina aşkarlanaraq zərərsizləşdirilib.

Gununsesi.info