
Son 14 ildə kənd təsərrüfatı istehsalı 1.7 dəfə artıb.
Gununsesi.info xəbər verir ki, bu məsələ “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunan konfransda qeyd olunub. 2004-ci ildən indiyədək qəbul olunan üç proqramın icrasına ümumilikdə, 65 milyard dollardan çox maliyyə vəsaiti xərclənib.
Tədbirdə vurğulanıb ki, 2017-ci ildə 1 milyon 275 min ton buğda idxal olunub. Bu, 2016-cı illə müqayisədə 20 faiz azdır. Taxılçılıqda xaricdən asılılığının minimuma endirilməsi üçün çalışıldığını qeyd etdi.
“Heyvandarlıqla bağlı nəticələr də yaxşıdır. Ancaq hələ ki, biz özümüzü süd və süd məhsulları ilə tam şəkildə təmin edə bilmirik. Kərə yağı, pendirlə tam təmin edə bilmirik. Ət və quş əti istehsalı artıq 100 faiz özümüzü təminetmə səviyyəsinə yaxınlaşır. Əlbəttə ki, növbəti illərdə açılacaq yeni fermalar, aqroparklar, quş fabrikləri, süd zavodları bu məsələni həll edəcək. Amma hələ ki, belə deyil. Baxmayaraq ki, bu sahədə çox böyük inkişaf var. Heyvandarlığın inkişafı üzrə dövlət proqramı hazırlanmalıdır və qəbul edilməlidir. Biz bu il dövlət xətti ilə xaricdən yenə də 10 min baş cins mal-qara alacağıq, eyni zamanda, yaxın keçmişdə Göygöl rayonunda açılmış Süni Mayalanma Mərkəzinin fəaliyyəti nəticəsində mal-qaranın cins tərkibini daxili imkanlar hesabına da yaxşılaşdıracağıq”-deyə bildirilir.
Bu il tərəvəz istehsalı və ixracı kəskin artacağı gözlənilir. Bunun üçün dörd yüz hektardan çox sahəsi olan istixanalar yaradılıb. Keçən il pomidor ixracı rekord həddə çatıb, ölkəyə 151 milyon dollar valyuta gəlib. Buna da böyük tələbat, böyük maraq var. “400 hektarda salınan bu istixanaların hamısında pomidor yetişdiriləcəksə, bəlkə bu qədər bazar da tapmaq çətin olacaq. Ona görə həm dövlət qurumları, həm sahibkarlar özləri marketinq aparsınlar. Bazarların marketinqini aparsınlar ki, harada nə satmaq olar, harada hansı məhsullar üçün daha böyük tələbat var və hansı ölkələrdə daxili istehsal artır. Biz onu da həmişə yadda saxlamalıyıq ki, əgər indi ənənəvi bazarımız olan ölkələrdə daxili istehsal bu və digər məhsullar üzrə artırsa, deməli, ixracımız üçün problem yarana bilər. Ona görə burada çox çevik siyasət aparılmalıdır”- qeyd edilib.
Gununsesi.info kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmova istinadən bildirir ki, konfransda açıqlanan rəqəmlər bugünkü real mənzərəni tam göstərmir.
V.Məhərrəmovun sözlərinə görə, Dövlət Statistika Komitəsinin məlumatından məlum olur ki, son 14 ildə kənd təsərrüfatı məhsulları idxalı dəfələrlə artıb: “Hətta qarğıdalı idxalı 86 dəfə artıb. Buğda idxalı 2002-ci ildə 657,2 min ton təşkil etdiyi halda, son 14 il ərzində 2,4 dəfə artaraq 2016-ci ildə 1 milyon 599,6 min ton təşkil edib. Eyni müddət ərzində qarğıdalı idxalı 2,1 min tondan 181,6 min tona qədər, yəni 86 dəfə artmışdır. Son 14 ildə xam şəkər və şəkər idxalı- 2,8 dəfə, təzə meyvə idxalı – 13,6 dəfə, təzə tərəvəz idxalı- 4,3 dəfə, kartof idxalı – 5,6 dəfə, düyü idxalı- 2,4 dəfə, çay idxalı- 2,9 dəfə, bitki yağları idxalı- 5 dəfə, süd məhsulları idxalı – 2 dəfə, quş yumurtaları idxalı – 6,8 dəfə, iribuynuzlu heyvan əti idxalı – 9,8 dəfə artıb”.
V.Məhərrəmov deyir ki, 65 milyard dollarlıq yatırımla Azərbaycanın rayon mərkəzlərini, kəndlərini, qəsəbələrini tam yenidən qurmaq və yeni dövrün tələblərinə cavab verən nəhəng istehsal müəsisələri, çoxsaylı iş yerləri yaratmaqla, insanların sosial vəziyyətini yaxşılaşdırmaq, əmək qabiliyyətli əhalini 100 faiz daimi işlə təmin etmək olardı: “Lakin ayrılmış dövlət vəsaitləri hesabına yerlərdə parklar salındı, dövlət bayraqları ucaldıldı, idman kompleksləri, muzeylər, mərkəzlər inşa edildi və sair. Regionların sosial-iqtisadi inkişafı adı ilə dövlət büdcəsindən ayrılan 65 milyard dollar vəsaitin əsas hissəsi məmur-oliqarxlar tərəfindən mənimsənildi.
Bütün bunların bölgələrdə yaşayan əhaliyə heç bir faydası olmadı. Kənd təsərrüfatında mövcud olan problemlər aradan qaldırılmadı. Yaranmış vəziyyətdən məmur-oliqarxlar bəhrələnə bildilər. Onlar böyük təsərrüfatlar yaratdılar, kəndlilərin istifadəsində olan örüş sahələrini, təbii biçənəkləri, pay torpaqlarını alıb özününküləşdirdilər. Kəndliləri işdən, gəlirdən məhrum etdilər.
İndi bölgələrdə yaşayan əmək qabiliyyətli əhalinin yarıdan çoxu işsiz qalıb. İşləyənlərin də gəlirləri o qədər cüzidir ki, onların qida məhsullarına olan minimum xərci belə ödəyə bilmir. Hələ işıq pulunu, qaz pulunu, su pulunu demirəm”.
Vüsalə
Gununsesi.info









