8 Mart təbriki

  • By admin
  • 08 Mart 2022 12:36

Qadının istəklərini gözünüzdə böyütməyin. Biz hər şeyin, hər kəsin yaxşısından cəmi 1 nüsxə… iki, üç bəlkə də artıqlaması ilə istəyirik. 

Məsələn sevdiyimiz ətək endirimlə düşübsə, birini də üstündə alırıq ki,  bir az da qara gün bizi düşünsün. Birini sevəndə, qəza xəttinədək şansı şansa calayıb, qüsurlarına kor oluruq.  Bir də dövrümüzün qadınının dırnaq ustası personajı var. Biraz intim, biraz art, hüdudsuz zövq məsələsidir münasibətimiz. Ayda 1 ya 2 dəfə yanına getmək üçün dil töküb yola gətirdiyimiz, növbəyə rəğmən bizi aradakı pəncərəyə sıxışdırmağını uşaq kimi israr etdiyimiz, gözümüzdə barmaqlrımızdan toyu olan gəlin obrazı yaradıb, hər şeyə “nail” olan göy qurşağı qadın…

Həyatımdan çıxmasını istəmədiyim adamlardandır dırnaq ustam. Hər dəfə yanına gedəndə ümidsiz ev qadınlarından tutmuş, iş arası özünü salona atan biznes ledilərə qədər böyük ziyafət süfrəsinin başında otururam.  Əslində kosmetik, estetik prosedurlar stress əleyhinə müəyyən funksiya yerinə yetirməlidir. Amma mən hər dəfə əsəb üstünə qəzəb buterbrodu yeyib çıxıram.

Məsələn bugün adından və xlorla bəslənən çürük barmaqlarından başqa haqqında heç nə bilmədiyim xadimənin gündəliyini oxudum. İçəridəki müştəriləri, ustaları, məhrəmlik prinsiplərini dişinin altında çeynəyib artıq ağrısını əritməyə çalışırdı. Maaşından, sığalından xəbərsiz, döyməkçün bəhanələrini ard-arda növbəyə yığan, hələ doymayıb dozasını artıqlaması ilə 3 uşağı üzərində tənzimləyən şərəfsiz ərindən danışırdı.

Həftəlik təmizlədiyi ev sahiblərindən özünə, uşaqlarına yetəcək xərcliyi alsa da, əlil ailəsinin həm əri, həm də arvadına çoxdan çevrilsə də, fiziki gücü bir gündə 5 ev təmizləməyə çatsa da, cəzsarətinin şarjı mənfinin üzərindədir.

Adətən qadın çəkdiyi əziyyəti, ala bilmədiyi bəzəkləri günün sonunda saçına toxunan əllərin istisinə qurban verir.

Əslində hər bir qadın heç olmasa bir kişidən gözəl olduğuna dair bütün notariuslarda təsdiqlənmiş etiraf eşitmək istəyir. Qadın fiziki yox mənəvi yükün altında bükülür. Məsələn ər deyib pambıq içində bəslədiyin “X” çözməyə can atdığın bütün misalların cavabında səni qalıq kimi kənara tulladıqca, özünə güvənin, kimliyinə inamın yavaş-yavaş geriləyir.

İçindəki mənləri bölə-bölə, çıxa-çıxa bir gün oyanıb özünü toplamağa güc tapmırsan. Hər kəsin yerinə yaşayıb , ayaqda durmağa çalışan sənin  psixoloji asılılığın elə həddə çatır ki, tək qala bilməyəcəyinə əmin olursan.   “Niyə boşanmırsan?” sualına “uşaqları atasız qoymaq istəmirəm” bəhanən əslində o qədər boş səbəbdir ki, uşaqlarının atalarını çoxdan itirdiyini, səni də külək insan ayağı dəyməyən  səhralığın ortasına sovurduğunu bilə-bilə qürurunu itirirsən. Əslində hamımız qarşımıza çıxanları anamız kimi sevməyə can atırıq. Həyatımıza anamızın bizə bəslədiyi dəli sevgisi yaxud etinasız sevgisizliyi yön verir.  Yaşınız artdıqca ananızın mirasından imtina edib, öz doğrunuzu tapmırsınızsa, onun getdiyi yoldan arınıb öz cığırınızı açmırsınızsa, bu dünyaya övlad gətirməyin.

Əziz qadın, 8 martını təbrik edirəm. Özümüzü aldatmayaq, sənin hər günün bayram deyil. Heç olmasa həftədən bir saat oğurla özünə. Adını yox vicdanının təmiz saxla. Can üstündə olan ailənə deyil, mənliyinə nəfəs ver.  Həyatınla yox həyatın özü ilə oyna.

Başqasının tərbiyə verə bilmədiyi azğını ömrünün sonunadək  himayəndə saxlamaq məcburiyyətin yoxdur. Müqəddəs borcun, ali vacibatın sənsən. Qarşındakının eqosu doysun deyə ruhunu ac saxlama. Çünki səndən ikinci nüsxə yoxdur.

Gununsesi.info