99 il öncə Qurban bayramı günü işğaldan azad edilən Bakı - FOTOLAR

  • By admin
  • 15 Sentyabr 2017 13:56

qafqaz_-slam_ordusunun_bak-ya_daxil_olmas

Bu gün Türk Qafqaz İslam Ordusunun Bakı və ətraf rayonları erməni daşnakları, bolşeviklər və digər yadelli işğalçılardan azad etməsinin 99-cu ili tamam olur. Bu, Azərbaycan tarixinə yazılan möhtəşəm qəhrəmanlıq salnaməsindən bir əsrədək vaxt keçməsinə baxmayaraq, Qafqaz İslam Ordusunun və onun komandanları Nuru və Ənvər Paşanın qısa zamanda qardaş yardımına yetişməsi, göstərdikləri şücaəti nəticəsində hələ də dillər dastanıdır. O günlət tez-tez xatırlanır.

“Allahu Əkbər” sədaları ilə Şərqi Anadolunun keçilməz dağ yollarını aşıb qısa bir zamanda qardaş köməyinə yetişən qəhrəman türk əsgərinin şücaətləri xatirələrdə təkrar-təkrar minnətdarlıq hissi ilə yad edilir. Onların şücaəti örnək kimi bugünkü tariximizi sabaha götürəcək gənc nəslə təlqin edilir.

Odur ki, hər il sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsi günü kimi qeyd edilir. 99 il bundan öncəki bu qəhrəmanlıq salnaməsi Azərbaycan xalqına aid ən şərəfli tarixlərdən biri hesab olunur.

… 99 il öncə, 1918-ci il mayın sonlarında Zaqafqaziya Seyminin dağılması nəticəsində, mayın 28-də Azərbaycan öz müstəqilliyini elan edir. Həmin vaxt müstəqilliyini elan edən Azərbaycan Demokratik Respublikasını (ADR) tanıyan ilk dövlət Türkiyə – Osmanlı imperiyası olur.

Müstəqilliyini elan etdikdən sonra ADR-in paytaxt məsələsi gündəmə gəldi. O zaman Bakı işğal altında olduğundan milli hökumətin müvəqqəti olaraq Gəncədə fəaliyyətə başlaması barədə qərar qəbul edilir. Milli hökumətin ixtiyarında cəmi 600 nəfərlik hərbi qüvvənin olması Gəncəni işğalçılardan azad etməyə imkan vermirdi. Belə bir ağır vəziyyətdə Azərbaycan milli hökumətinin kömək istəyə biləcəyi yeganə dövlət Türkiyə idi. Və belə bir kömək üçün qardaş dövlətə müraciət edilir. 1918-ci il mayın sonunda Türkiyənin hərbi naziri və ali baş komandan müavini Ənvər Paşa bu xahişləri nəzərə alaraq öz qardaşı Nuru Paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə Təbriz ətrafından Gəncəyə doğru hərəkət etmək barədə əmr verir.

Mayın 28-dən əvvəl türk ordu hissələrinin Gəncəyə girməsi Azərbaycan hökumətinin şəhərə daxil olması üçün zəmin yaratdı. Müvəqqəti olaraq Gəncədə yerləşən milli hökumətin qarşısında duran başlıca məqsəd isə paytaxt Bakını işğalçılardan azad etmək idi.

Yeri gəlmişkən, 1918-ci il iyunun 4-də Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında “Qarşılıqlı yardım və dostluq haqqında” müqavilə imzalandı. Həmin müqavilənin 4-cü bəndinə əsasən, Osmanlı hökuməti ehtiyac olduğu halda Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürürdü.

Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləməsi Azərbaycan paytaxtına göz dikən yadelli qüvvələrə rahatlıq vermirdi. Bu ordunun tərkibini Osmanlı və Azərbaycan türkləri təşkil edirdi. O dövrə aid tarixi mənbələrin məlumatına görə, Bakı işğaldan azad edilənədək, şəhər bir neçə dəfə yadelli qüvvələr tərəfindən əldən-ələ keçmişdi. 1918-ci ilin iyulunda Bakıda Xalq Komissarları Soveti iflasa uğradı. Bu həmin hökumət idi ki, onun vaxtında Bakı və ətraf ərazilərdə ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı ağlasığmaz soyqırım siyasəti həyata keçirilmişdi. Soyqırımın həyata keçirilməsində bolşevik hökumətinə rəhbərlik edən Stepan Şaumyanın xüsusi rolu olmuşdu.

Professor, millət vəkili Musa Qasımlı o dövrdə yaranmış vəziyyəti belə dəyərləndirir: “1918-ci ilin avqustunda Denstervilin komandanlıq etdiyi ingilis qoşunları Bakını zəbt etdi və şəhərdə Sentrokaspi adlı hökumət quruldu. Sentrokaspinin həyata keçirdiyi siyasət mahiyyət etibarilə Bakı Xalq Komissarları Soveti kimi antiazərbaycan xarakteri daşıyırdı. Çünki Bakı neftinə sahib çıxmaq, Xəzər dənizini ələ keçirmək, Mərkəzi Asiyaya gedən yola nəzarət etmək niyyəti güdən bu hökumət ermənilərə və digər yad qüvvələrə arxalanırdı”.

Tarixçi alimin sözlərinə görə, Bakı uğrunda mübarizə aparan yalnız Sentrokaspi deyildi, Rusiyadakı bolşevik hökuməti də türklərin Azərbaycan paytaxtına daxil olmasını istəmirdi.

Tarixçi alim M.Qasımlının sözlərinə görə, Qafqaz İslam Ordusu Bakının mühasirəsini çox dəqiqliklə həyata keçirmişdi: «Hətta ingilis qoşunlarının komandanı Denstervil xatirələrində etiraf edirdi ki, türk topçuları çox dəqiqliklə atəş açırdılar. Onların atəşi Bakıdakı memarlıq abidələrinin heç birinə ziyan vurmadı”.

Qeyd edək ki, o zaman Avropa dövlətləri türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz edib. Bu etirazlara rəğmən, qardaş köməyini əsirgəməyən Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Sentyabrın 15-də Qafqaz İslam Ordusu qarşısına qoyulan missiyanı uğurla başa çatdırmaqla Bakını işğalçılardan təmizlədi və Azərbaycan dövlətçiliyinə qardaş töhfəsini verdi. Bu, bir kərə dahi Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir!” fikrinin əyani təsdiqi idi.

1918-ci ilin iyulundan Qafqaz İslam Ordusu artıq Bakının azad edilməsi istiqamətində hərəkətə keçmişdi. 1918-ci il sentyabrın 15-də – Qurban bayramı günündə Bakı işğalçılardan azad edildi. Şəhər uğrunda döyüşlər heç də asan getmədi. Bu döyüşlərdə Qafqaz islam ordusu həyata keçirdiyi hərbi əməliyyatlarda 1130 şəhid verib. Yerli əhali arasında verilən şəhidlərin sayı isə 5000-dən artıq olub.

Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi, bir neçə ay sonra isə parlamentə demokratik qaydalar əsasında seçkilər keçirildi. Bu isə ölkədə tamamilə yeni bir şərait yaratdı. Bundan sonra Azərbaycan hökuməti özünün elm, mədəniyyət, incəsənət mərkəzinə qovuşmuş oldu.

Bakının azad edilməsinin böyük əhəmiyyəti vardı. Çünki Azərbaycanı Bakısız təsəvvür etmək olmazdı. Milli hökumətin Bakıya köçməsilə Şimali Azərbaycan bütövləşdi. Tarixçilərin fikrincə, əgər 1918-ci ilin sentyabrında Bakı azad edilməsəydi, bu şəhərin indi Azərbaycanın paytaxtı olması sual altında qalardı. Axı bolşeviklər Bakını Azərbaycandan ayıraraq onu muxtar şəhərə çevirməyi planlaşdımışdılar. Bir sözlə, Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfər idi.

Digər bir məqam isə 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyuldu. Məhz bundan sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin edə bildi.

Bakı və ətraf rayonlar erməni daşnak və yadelli işğalçılardan təmizləndikdən sonra məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil etdi. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirildi. H.Z.Tağıyev türk ordusunun komandanı Nuru Paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim etdi. Amma Antanta dövlətlərinin Osmanlı Türkiyəsinə təzyiqi getdikcə daha da artırdı. Ona görə də qısa müddətdən sonra türk qoşunları Bakını tərk etməli oldu.

Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları xalq tərəfindən ziyarət olunur. Hər il Bakıdakı Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirilir. Azərbaycanı erməni daşnak və digər yadelli işğalçılardan azad ediməsində həyata keçirilən hərbi əməliyyatlarda şəhid olan bütün Türkiyə və  Azərbaycan hərbçilərinin ruhu şad olsun! Gün o gün olsun ki, növbəti bir qəhrəmanlıq salnaməsi Qarabağımızda yazılsın. Amin!!!

407053385

519154_1

6fdf95c33bab

Mürtəza Bünyadlı

Gununsesi.info