“Kardioloji müayinələr, ürək əməliyyatları dövlət tərəfindən qarşılanır” - Mail Yaqub

  • By Günel
  • 25 Avqust 2025 19:05

Rəsmi statistikaya görə, Azərbaycanda hər il orta hesabla 10 min nəfərə yaxın insan xərçəng xəstəliyindən vəfat edir. Ölkədə bu xəstəlikdən əziyyət çəkənlərin sayı 70 min nəfərə yaxındır.
Amma bu xəstəliyin müalicəsini, əməliyyatını icbari tibbi sığortaya daxil etmirlər.

Məsələ ilə bağlı Gununsesi.info-ya açıqlamasında sosioloq Mail Yaqub bildirib ki, kardioloji müayinələr, ürək əməliyyatları – bunlar dövlət tərəfindən qarşılanır:

“Bu xərclər mütləq icbari tibbi sığorta zərfinə daxil edilməlidir. Kardioloji müayinələr, ürək əməliyyatları – bunlar dövlət tərəfindən qarşılanır, icbari tibbi sığortaya daxil edilib. Amma nə üçün xərçəng xəstələri bu siyahıdan kənarda qalıb? Bunun səbəbini həqiqətən bilmirəm. Halbuki bu ən vacib məsələlərdən biridir.
Rəsmi statistikaya görə 70 min insan bu xəstəlikdən əziyyət çəkirsə, bu mütləq icbari tibbi sığortaya daxil edilməlidir. Çünki 70 min insanı dövlətin qayğısından, nəzarətindən kənarda saxlamaq həmin o insanların dövlətə qarşı baxışının neqativ olmasına gətirib çıxara bilər”.

 

Günel Həsənova

Gununsesi.info