“Hizbullah regionda İranın proksi qüvvəsidir” -SƏDRƏDDİN SOLTAN

Ötən gün  “Al Hadath” telekanalının yaydığı məlumatda bildirib ki, “Hizbullah” Hərəkatının Baş Qərargah rəisi Abu Əli Tabtabaui İsrail pilotsuz uçuş aparatının zərbəsi nəticəsində Beyrutda öldürülüb.

Qeyd edək ki, Abu Əli Tabtabaui Naim Qasimdən sonra Hizbullahın ikinci şəxsi statusunda olub.

Gununsesi.info-ya danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan qeyd edib ki, Tabtabauinin öldürülməsi İsrailin Həmasa qarşı əməliyyatları zamanı açıqladığı planın tərkib hissəsidir:

“İsrail hökuməti bəyan edib ki, Hamasın ölkə daxilində və ya Qəzza sektorunda harada olmasından asılı olmayaraq bütün hərbi liderlərini, eləcə də Hizbullahın hərbi rəhbərlərini sıradan çıxaracaq. Həsən Nəsrullahın və digər Hizbullah komandirlərinin öldürülməsi İsrailin bu planı həyata keçirdiyini göstərir. Tabtabauinin öldürülməsi də həmin planın davamıdır”.

Sədrəddin Soltan onu da əlavə edib ki, İsrail Livanla danışıqlar aparır və tərəflər atəşkəsə razılıq verirlər:

“Bu proses çərçivəsində Hizbullahın tərkisilahı vacib sayılır. İsrail hökuməti Hizbullaha qarşı əməliyyat keçirəcəyini əvvəldən bəyan edib. Livan hökuməti də Hizbullahın tərkisilahını dəstəkləyir.

Hizbullah isə regionda İranın proksi qüvvəsi, Livandakı dayaq nöqtəsidir. İran Hizbullah vasitəsilə həm İsrailə, həm də bütövlükdə regiona təsir gücünü qoruyur. Buna görə də İran Hizbullahla bağlı açıq mövqe və bəyanatlar verməlidir, çünki bu təşkilat onun öz qüvvəsidir və əks halda İranın öz tərəfdarları arasında etimadı zəifləyə bilər”.

 

 

 

Şəbnəm 

Gununsesi.info