“Sərhəd keçid məntəqələrinin açılması ilə bağlı müəyyən şərtlər var. Təbii ki, Azərbaycanın da öz şərtləri, öz tələbləri olacaq”.
Gununsesi.info bildirir ki, bu fikirləri deputat Tural Gəncəliyev deyib:

“Türkiyənin Ermənistanla sərhədlərinin açılması məsələsi, əlbəttə, Azərbaycanla əlaqələndiriləcək. Ancaq Azərbaycan-Ermənistan sərhədinin açılması məsələsi bizim daxili işimizdir. Yəni Azərbaycan bunu özü nəzərdən keçirəcək. Bu məsələyə dair öz baxışımız var.
Tutaq ki, Ermənistanda Konstitusiyaya dəyişiklik edilmədən, ola bilsin ki, biz sərhədlərin açılmasını da, diplomatik münasibətlərin qurulmasını da istəməyək. Yəni bütün bunlar müəyyən şərtlərdən asılıdır. Münaqişədən sonrakı dövrdə gedən proseslər göstərdi ki, Paşinyan hakimiyyətdə qalsa da, “Konstitusiya çoxluğum yoxdur” deyərək müxtəlif bəhanələr gətirib. Ermənistan bu məsələdə passiv mövqeyə keçə bilməz. Ona görə də Ermənistanın yerinə yetirməli olduğu öhdəliklər var.
Ən azından, dediyim kimi, Avropa təsisatları qarşısında diplomatik addım ata bilər. Məsələn, Fransanın əsassız bəyanatlarına və müdaxilələrinə münasibət bildirə bilər. Bütün bunlar Ermənistanın, erməni xalqının adı ilə təqdim olunur və Ermənistanın adı hallanır.
Məsələn, biz Azərbaycanda ölkəmizin adının hallandığı bütün qətnamələrə və bütün məsələlərə dərhal reaksiya veririk. Ermənistan da öz adının hallandığı sənədlərlə bağlı mövqe bildirməli, aydınlıq gətirməlidir”.
Şəbnəm












