Cənubi Koreyada 10 min diplomatın məlumatı saxlanılan sistem sındırılıb

Cənubi Koreya Xarici İşlər Nazirliyinin diplomatlara aid məlumat bazası haker hücumuna məruz qalıb.

Bu barədə Gununsesi.info Bloomberg-ə istinadən məlumat verir.

Nazirliyin sözçüsü Park İlin bildirib ki, təxminən 10 min diplomat haqqında məlumatın saxlanıldığı sistemə icazəsiz müdaxilə edilib. Hakerlərin xeyli sayda məlumatı ələ keçirdiyi bildirilsə də, ilkin qiymətləndirməyə əsasən qeydiyyat nömrələri, əlaqə vasitələri və yaşayış ünvanları kimi ən həssas məlumatlar oğurlanmayıb.

Park İl qeyd edib ki, hökumət hücumun arxasında xarici təsir qruplarının və ya digər təşkilatların dayanması ehtimalını da araşdırır.

Məlumata görə, Xarici İşlər Nazirliyi Akademiyasının məsafədən təhsil sistemində şübhəli fəaliyyət ilk dəfə fevral ayında aşkarlanıb. Aidiyyəti dövlət qurumunun xəbərdarlığından sonra sistemə giriş dərhal dayandırılıb və platforma indiyədək istifadəyə açılmayıb.

Qeyd olunur ki, bu, Cənubi Koreyada son dövrdə qeydə alınan iri məlumat sızmalarından biridir. Ötən il ölkənin ən böyük onlayn satış şirkətlərindən olan Coupangda milyonlarla istifadəçinin məlumatının oğurlandığı müəyyən edilmişdi. Araşdırma nəticəsində şirkətin keçmiş əməkdaşının bir neçə ay ərzində istifadəçilərin şəxsi məlumatlarını qanunsuz topladığı üzə çıxmışdı. Hadisə nəticəsində təxminən 34 milyon hesab zərər görmüşdü.

 

 

Günay

Gununsesi.info