Nazir: “Azərbaycan bankı Özbəkistan bankından pay alacaq”

  • Müəllif: Firuzə
  • 22 Avqust 2026 21:12
“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) bu gün Özbəkistanın “Davr Bank”ının nəzarət səhm paketininəldə edilməsinə dair müqavilə imzalayacaq.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənddə keçirilən Azərbaycan-Özbəkistan IV Regionlararası Forumunda deyib.

“Bu gün ABB-nin iştirakı ilə tərəfdaşlıq və “Davr Bank”da payın əldə edilməsi yolu ilə Özbəkistan bazarına çıxışın təməlini qoyacaq müqavilə imzalanacaq”, – nazir qeyd edib.

Xatırladaq ki, bu ilin may ayında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bankın 2026-cı ilin ikinci yarısında Özbəkistanın “Davr Bank”ının səhmlərinin 51 %-nin satın alınmasına dair sövdələşməni yekunlaşdırmağı və Özbəkistan bazarında əməliyyatlara başlamağı nəzərdə tutduğunu açıqlamışdı.

A.İbrahimov qeyd edib ki, Özbəkistanda bankın alınması çərçivəsində ABB-nin investisiyalarının həcmi 100 milyon ABŞ dollarını ötəcək.

“Davr Bank” 2001-ci ilin sentyabr ayından Özbəkistan ərazisində fəaliyyət göstərir.

Gununsesi.info