Politoloq Bişkekdəki Əliyev -Paşinyan görüşünün əhəmiyyətini açıqladı

  • Müəllif: Firuzə
  • 01 Sentyabr 2026 13:23

Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Gununsesi.info -nun xəbərinə görə, politoloq Turan Rzayev görüşlə bağlı yazıb ki, hər iki lider ŞƏT Zirvə toplantısında iştirak etmək məqsədilə Bişkekə səfər etsə də, sammit çərçivəsində ikitərəfli görüşün keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, görüş ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərində birbaşa dialoqun davam etdirilməsi baxımından müsbət məqamdır:

“Göründüyü kimi, tərəflər görüşü hər hansı vasitəçinin iştirakı olmadan, birbaşa formatda keçirirlər. Son dövrlərdə Azərbaycan və Ermənistan arasında təmasların məhz ikitərəfli müstəvidə aparılması, belə görüşlərin beynəlxalq tədbirlər çərçivəsində əvvəlcədən razılaşdırılaraq keçirilməsi tərəflər arasında dialoq kanallarının qorunduğunu və siyasi təmasların davam etdiyini göstərir”.

Turan Rzayev qeyd edib ki, görüş zamanı 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Zirvəsinin nəticələrinə də toxunulub.

Politoloqun sözlərinə görə, liderlər ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin, həmçinin “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayıblar.

“Bu da müsbət məqamdır. Çünki tərəflər arasında hazırda daha çox ortaq məxrəcə gəlinən və ya həlli mümkün hesab edilən məsələlər ətrafında danışıqlar aparılır. Halbuki 30 ildən artıq davam edən danışıqlar prosesində tərəflərin ciddi fikir ayrılıqları içində olduğunun və bu səbəbdən prosesin nəticəsiz qaldığının şahidi olurduq”, – deyə Rzayev bildirib.

Politoloq hesab edir ki, Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və uzunmüddətli sülhün formalaşdırılması istiqamətində mühüm siyasi mərhələ olub.

O, hazırda sülh prosesinin konkret praktiki nəticələrlə də müşayiət olunduğunu diqqətə çatdırıb. Neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəələrin Azərbaycan ərazisi ilə Ermənistana tranziti, eləcə də iki ölkə arasında ticarət əlaqələrinin qurulması bu istiqamətdə mühüm addımlar kimi qiymətləndirilib.

Rzayev görüşdə Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası məsələsinin də müzakirə olunduğunu qeyd edib. O bildirib ki, tərəflər delimitasiya üzrə müvafiq dövlət komissiyalarının rolunu vurğulayıb və onların əldə olunmuş razılaşmalara uyğun fəaliyyətlərini davam etdirməsinin vacibliyini qeyd ediblər.

“Bu məsələ xüsusilə önəmlidir. Çünki sülhün dayanıqlı olması üçün dövlətlər arasında sərhədlərin hüquqi və praktiki baxımdan müəyyənləşdirilməsi vacib şərtlərdən biridir. Bu sahədə tərəflər arasında mühüm irəliləyiş var. Proses ümumilikdə ləng gedə bilər. Amma nəticə var və bu, müsbətdir”, – deyə politoloq vurğulayıb.

Politoloq İlham Əliyev və Nikol Paşinyanın TRIPP layihəsinin əhəmiyyətini də xüsusi qeyd etdiklərini bildirib.

Onun fikrincə, TRIPP yalnız nəqliyyat layihəsi deyil. Bu marşrut regionda yeni kommunikasiya imkanlarının formalaşmasına, iqtisadi əlaqələrin genişlənməsinə və Cənubi Qafqazın daha geniş regional nəqliyyat şəbəkəsinə inteqrasiyasına şərait yarada bilər.

“Azərbaycan-Ermənistan münasibətləri baxımından isə bu cür bağlantıların yaradılması iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələrin dərinləşməsi və sülhün praktiki icrası baxımından həyati əhəmiyyət daşıyır”, – deyə Turan Rzayev qeyd edib.

Orxan
Gununsesi.info