Həbsdəki iş adamının qızı Prezidentə müraciət etdi: “Atamın həyatda qalması sual altındadır”

  • Müəllif: Orxan
  • 03 Sentyabr 2026 14:06

Bir neçə il əvvəl AzTV-nin sabiq rəhbəri Arif Alışanov və Prezident Aparatının sabiq rəhbəri Ramiz Mehdiyevin birgə səyləri nəticəsində həbs edilən Şücaət Əkbərovun qızı Cəmilə Əkbərova Gununsesi.info vasitəsilə prezident İlham Əliyevə müraciət edib.

Cəmilə Əkbərova dövlət başçısına müraciətində atasının sifariş əsasında cinayət məsuliyyətinə cəlb olunduğunu və uzun müddətə azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıldığını xatırladıb.

Onun sözlərinə görə, hazırda Şücaət Əkbərovun səhhəti son dərəcə ağırdır.

Cəmilə Əkbərova bildirib ki, atası cəza çəkdiyi müəssisədə infarkt keçirib və bundan sonra müalicə müəssisəsinə yerləşdirilib.

Cəmilə Əkbərova atasının həyatının təhlükə altında olduğunu vurğulayaraq Prezidentdən onun əfv olunmasına köməklik göstərməsini xahiş edib.

“Hazırda atamın həyatda qalıb-qalmaması sual altındadır. Sizdən xahiş edirəm, onun səhhətini nəzərə alaraq əfv olunmasına köməklik göstərəsiniz”, – deyə Cəmilə Əkbərova müraciətində bildirib.

Qeyd edək ki, Şücaət Əkbərov 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. O, Arif Alışanov və ailə üzvlərinə qarşı sui-qəsd təşkil etmək, dələduzluq və qanunsuz silah saxlama da daxil olmaqla, bir sıra cinayətlərdə təqsirli bilinib.

Daha sonra işə apellyasiya instansiyasında baxılıb və Şücaət Əkbərova təyin edilmiş cəza 16 ilədək azaldılıb.

Əkbərovun ailəsi isə onun barəsindəki ittihamları və cinayət işinin əsaslarını qəbul etmir. Ailə bu işin sifarişli olduğunu iddia edir və onun azadlığa buraxılması üçün müxtəlif dövlət qurumlarına müraciətlər edir.

Elmar

Gununsesi.info