“Rusiya-Ukrayna müharibəsi ilə bağlı diplomatik proses uzun müddət arxa planda qalmışdı. Lakin ABŞ-ın yenidən bu məsələyə diqqət ayırması ilə danışıqların bərpası gündəmə gəlib. Tramp administrasiyasının xüsusi nümayəndələri Stiv Uitkof və Cared Kuşnerin əvvəlcə Moskvada Vladimir Putin, daha sonra Kiyevdə Volodimir Zelenski ilə görüşməsi Vaşinqtonun tərəfləri yenidən danışıqlar masasına gətirmək istədiyini göstərir”.
Bu fikirləri Gununsesi.info -ya açıqlamasında siyasi şərhçi Mürtəza Bünyadlı deyib:

“Hazırda məqsəd birbaşa sülh müqaviləsi imzalamaqdan daha çox, tərəflər arasında diplomatik əlaqəni bərpa etmək və mümkün üçtərəfli görüşün yolunu açmaqdır.
ABŞ üçün bunun bir neçə səbəbi var. Tramp administrasiyası Ukrayna müharibəsinin dayandırılmasını xarici siyasətdə mühüm nəticə kimi göstərmək istəyir. Müharibənin heç olmasa atəşkəs mərhələsinə gətirilməsi Trampa “müharibəni bitirən prezident” görüntüsü qazandıra bilər.
Avropanın da prosesə marağı artır. Rusiya-Ukrayna müharibəsi Avropanın təhlükəsizliyi üçün əsas məsələlərdən biri olaraq qalır. Buna görə Britaniya, Almaniya və Fransa kimi ölkələrin prosesdən kənarda qalması mümkün görünmür.
Kiyev üçün isə danışıqlar başqa baxımdan əhəmiyyətlidir. Ukrayna ABŞ və Avropadan təhlükəsizlik təminatları, hava hücumundan müdafiə vasitələri, iqtisadi yardım və qışa hazırlıq məsələlərində dəstək almaq istəyir. Buna görə Zelenski üçün danışıqlar yalnız sülh məsələsi deyil, həm də Qərbin Ukraynaya dəstəyini qorumaq vasitəsidir”.
Afət












