Vətən müharibəsi başa çatandan bu günədək 438 nəfər mina və digər partlayıcı sursatların qurbanına çevrilib, onlardan 73-ü həyatını itirib.
Gununsesi.info xəbər verir ki, bunu “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən tədbirdə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O qeyd edib ki, Vətən müharibəsindən sonra ANAMA və humanitar minatəmizləmə fəaliyyətinə cəlb olunmuş digər qurumlar tərəfindən 300 min 565 hektar ərazi təmizlənib, 261 min 705 mina və digər partlayıcı sursat zərərsizləşdirilib. Ekoloji qiymətləndirmə layihələrini əks etdirən meşə fondunun bərpası, Dostluq meşəsi, Bəsitçay Dövlət Təbiət Qoruğu kimi milli parklar, dövlət təbiət yasaqlıqları, çayətrafı ərazilər, su hövzələrinin bərpası, geoloji kəşfiyyat işləri, qeyri-filiz faydalı qazıntı yataqlarının axtarış əraziləri, eləcə də erkən xəbərdarlıq sistemlərinin quraşdırılması üçün 31 min 37, həmçinin kənd təsərrüfatı üçün 132 min 447, yaşayış infrastrukturun inkişafı üçün 71 min 202, energetika infrastrukturu üçün 12 min 443, meliorasiya və su təsərrüfatı layihələri üçün isə 8 min 447 hektar ərazi partlayıcı sursatlardan təmizlənib.
V.Süleymanov deyib ki, işğaldan azad edilmiş ərazilərə təhlükəsiz və dayanıqlı qayıdışın təminatı məqsədilə minatəmizləmə prosesi ilə yanaşı, mina və digər partlayıcı sursatlarla yüksək səviyyədə çirklənmiş ərazilər konservasiya edilərək çəpərlənir.












