Vətən tarixinin ən ağrılı, eyni zamanda ən qürurverici səhifələrini torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımız yazıb. Onların hər biri ömrünü Vətən sevgisi ilə mənalandıran, çətin sınaqlar qarşısında geri çəkilməyən və xalqının yaddaşında əbədi yaşar qazanan qəhrəmanlardır.
Şəhid Əli Zaman oğlu Yolçuyev də bu şərəfli yolun unudulmaz yolçularından biridir. Onun qısa, lakin şərəfli ömür yolu Vətənə sədaqətin, cəsarətin və sonsuz fədakarlığın parlaq nümunəsidir.
Əli Zaman oğlu Yolçuyev 1965-ci ildə Ağdamın dilbər guşələrindən biri olan Quzanlı sovetliyinin Çullu kəndində dünyaya göz açmışdı. 1972-ci ildə Soltanbud kənd 8-illik məktəbinin birinci sinfinə qədəm qoyan Əli, təhsilini 1980-ci ildə Quzanlı onillik məktəbində davam etdirib başa vurdu.

Məktəb illərindən dərslərinə göstərdiyi xüsusi məsuliyyət, nümunəvi davranışı və nizam-intizamı ilə həm müəllimlərinin, həm də sinif yoldaşlarının dərin hörmətini qazanmışdı.
1984–1986-cı illərdə Monqolustanda hərbi xidmətdə olan Əli, burada ağır hərbi təlimlər keçərək zirehli texnikaların incəliklərinə və hərbi sirlərə mükəmməl yiyələndi. Məhz həmin illərdə qazandığı zəngin təcrübə və bacarıq gələcəkdə Vətən müdafiəsində onun en böyük silahına çevriləcəkdi.
1990-cı illərin əvvəllərində Vətənimizin başını qara buludlar alanda, torpaqlarımızın müdafiəsinə ilk tələsənlərdən biri də Əli Yolçuyev oldu. O, daxilindəki sarsılmaz Vətən sevgisi ilə tərəddüd etmədən könüllü olaraq cəbhəyə yollandı.
Bu müqəddəs mübarizədə onunla çiyin-çiyinə vuruşan bir doğması da var idi-dayısı oğlu İsmayılov Kamil Paşa oğlu. İki cəsur gənc Vətənin bu qanlı davasına birlikdə qoşularaq, döyüş meydanında qorxmazlıq və fədakarlıq simvoluna çevrildilər. (Qeyd edək ki, Kamil İsmayılovdan həmin döyüşlərdən bəri hələ də bir xəbər yoxdur-müəll.).
Əli Yolçuyevin döyüş yolu Qarabağın ən gərgin və qızğın nöqtələrindən keçdi. Sırxavənd, Canyataq-Gülyataq və Kıçan uğrunda gedən ağır döyüşlərdə o, xüsusi şücaət göstərdi. Monqolustandakı hərbi xidmət illərində zirehli və hərbi texnikanın dilini mükəmməl öyrəndiyi üçün cəbhədə bundan ustalıqla istifadə edirdi. Ağır döyüş anlarında texnika ilə manevrlər edərək dəfələrlə silahdaşlarını mühasirədən və xətərdən xilas etmişdi.
O, təkcə bacarıqlı bir döyüşçü deyil, həm də əsgərlərin mənəvi dayağı idi. Əli yanındakı döyüş yoldaşlarına ürək-dirək verir, onları ruhlandıraraq tərəddüdsüz düşmənin üzərinə aparırdı.
Cəbhədə döyüş sursatının kəskin çatışmadığı ən çətin məqamlarda Əli cəsarətli kəşfiyyat və hücum əməliyyatları ilə düşməndən xeyli hərbi sursat və qənimət ələ keçirirdi. Bu addımları ilə o, batalyonun silah-sursat təminatını gücləndirir və düşmənə dəfələrlə sarsıdıcı zərbələr endirilməsində mühüm rol oynayırdı.

Təəssüf ki, amansız əcəl 1992-ci il sentyabr ayının 2-də bu cəsur Vətən oğlunu da aramızdan apardı. Əli Yolçuyev torpaqlarımızın azadlığı uğrunda gedən şiddətli döyüşlərin birində qəhrəmancasına şəhid oldu.
Ömrünün baharında Vətən uğrunda mübarizəsini yarımçıq qoyub əbədiyyətə qovuşsa da, Əli Yolçuyev göstərdiyi misilsiz cəsarət, fədakarlıq və torpağa olan sonsuz sevgisi ilə yaddaşlarda silinməz iz qoydu. Onun əziz xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq. (Herbiand.az)











