ƏHD Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev ARB24-ə müsahibəsində Türkiyənin xarici siyasəti və bölgədəki gərginlikdən danışıb.
Gununsesi.info bildirir ki, o, çıxışında Türkiyənin İsrail və İranla qarşıdurmadan yayınmasının vacibliyini vurğulayıb.
“Türkiyə və İsrail arasında hər hansı bir qarşıdurma bölgədə böyük fəlakətə yol aça bilər. Nəzərə almaq lazımdır ki, İsrail nüvə silahına malik dövlətdir. Türkiyənin İsraillə hərbi qarşıdurmaya girməsi, əslində, təkcə Türkiyə ilə İsrail arasında müharibə olmayacaq. Bu, Türkiyənin ABŞ və İsraillə qarşıdurmasına çevrilə bilər.
Bölgədə belə bir qarşıdurmanı arzulayan çoxlu dövlət var. Ümumiyyətlə, uzun müddətdir ki, Türkiyəni müharibəyə cəlb etməyə çalışırlar. Əvvəllər Misirlə, Səudiyyə Ərəbistanının özü ilə, daha sonra Yunanıstanla qarşıdurma yaratmaq cəhdləri olub. 2015-ci ildə Rusiya təyyarəsi vurulanda da Türkiyəni Rusiya ilə müharibəyə cəlb etmək istəyirdilər.
Dünyadakı böyük güclərin və müəyyən qüvvələrin Türkiyənin güclənməsindən narahat olduqlarını düşünürəm. Türkiyə artıq güclü hərbi sənaye kompleksi yaradıb, iqtisadi baxımdan da inkişaf edir. Bu, bir çoxlarını narahat edir və həmin qüvvələr Türkiyəni hansısa formada müharibəyə cəlb etməyə çalışırlar. O cümlədən İranla qarşıdurmaya sürükləmək istəyənlər də var.
İndi Məkkə sazişi imzalanıb. Hamıya məlumdur ki, bu pakt ABŞ-nin razılığı ilə yaradılıb. Bəziləri bunu İsrailə qarşı yaradılmış birlik kimi təqdim etmək istəsələr də, əslində, bu pakt husilərə qarşı yönəlib. Husiləri isə İran müdafiə edir. Əgər Yəmənə qarşı hərbi əməliyyatlara başlanılsa, bu, Türkiyə ilə İran arasında müharibəyə də gətirib çıxara bilər. Bunu arzulayan qüvvələr var. Ancaq hesab edirəm ki, qardaş ölkə Türkiyə belə bir qarşıdurmadan yayınmalıdır”.
Deputat əlavə edib ki, Türkiyə hələ öz nüvə silahına malik olmadığı müddətdə regionda həddindən artıq iddialı siyasət yürütməməlidir.
“Açıq deyim ki, Türkiyənin iddialı siyasəti münasibətlərə də ziyan vurur, bir çox böyük gücləri qıcıqlandırır və narahat edir.
Biz görürük ki, Çin kimi böyük dövlət beynəlxalq məsələlərdə o qədər də fəal mövqe sərgiləmir. Sanki öz imkanlarını gücləndirməyə çalışır, iqtisadiyyatına və daxili problemlərinə daha çox diqqət ayırır. Halbuki ölkənin iqtisadiyyatı güclü, maliyyə imkanları geniş, hərbi sənaye kompleksi inkişaf etmiş və müasir texnologiyaları varsa, digər dövlətlər həmin ölkəyə yaxınlaşacaq, onun mövqeyini öyrənəcək, iqtisadiyyatlarına sərmayə yatırmasını, hərbi yardım göstərməsini və məhsullarını almağı xahiş edəcəklər. Eyni zamanda, tələbələrini həmin ölkəyə təhsil almağa göndərəcəklər.
Türkiyə bu baxımdan regiondakı bəzi ölkələri qıcıqlandırır, bəzilərini isə qorxudur. Ona görə də hesab edirəm ki, hazırda Türkiyənin xarici siyasətdə həddindən artıq iddialı mövqe tutması öz maraqlarına cavab vermir. Türkiyənin bu pakta qoşulmasına da ehtiyac yox idi. Türkiyə NATO-nun üzvüdür və öz təhlükəsizliyini təmin etmək üçün müvafiq imkanlara malikdir.
ABŞ Prezidenti Donald Trampın açıq şəkildə “Mən Ərdoğanla dostam, mən desəm, o, müharibə edəcək” deməsini ürək ağrısı ilə izlədim. Sanki söhbət bir ölkənin rəhbərini qonaqlığa və ya hansısa ziyafətə dəvət etməkdən gedir. Söhbət 85 milyonluq bir ölkədən gedir. Bir dövlətin müharibəyə qoşulmasının bu cür təqdim edilməsi düzgün deyil. Şübhəsiz ki, Tramp Türkiyənin iddialı siyasətini görür və bundan faydalanmaq istəyir.
Bir məsələyə də toxunmaq istəyirəm. Bu yaxınlarda Yeni Azərbaycan Partiyasının qurultayında cənab Prezident də qeyd etdi ki, böyük siyasətdə emosiyalara yer olmamalıdır.
Türkiyədə bir çox hallarda emosional qərarların verildiyini görürük. Sonradan isə Türkiyə bunun ağrısını çəkir. Vaxtilə Rusiya təyyarəsi vurulanda Türkiyədə sərt açıqlamalar verilirdi, həmin addımın düzgün olduğu və təyyarənin vurulmasının haqlı olduğu bildirilirdi. Düzdür, sonradan Azərbaycanın köməyi ilə bu problem öz həllini tapdı.
Qardaş Türkiyə çalışmalıdır ki, qarşıdurmalardan, o cümlədən İsraillə qarşıdurmadan yayınsın. Çünki belə bir qarşıdurma Türkiyəyə yaxşı heç nə vəd etmir”,-deyə deputat fikirlərini yekunlaşdırıb.
Şəbnəm Rəhimova












